Beynəlxalq Qadınlar Günü HDQ-də qeyd edilib

6 Mart 2020 18:00 (UTC+04:00)

Martın 6-da Hərbi Dəniz Qüvvələrində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Bu barədə Mövqe.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən birinci dərəcəli kapitan Natiq Bağırov qadınları təbrik edib, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan qadının ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində də yaxından iştirak etdiyini qeyd edib. 

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova xanımları təbrik edib. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə hərbi qulluqçu və mülki işlərdə çalışan qadınlarımızın da əməyinin daim yüksək qiymətləndirildiyini bildirib. 

Qadın hərbi qulluqçuların və mülki işçilərin bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklərinə əminliyini ifadə edib. Onlara həm xidmətlərində, həm də şəxsi həyatlarında uğurlar və müvəffəqiyyətlər arzulayıb.

Sonda hərbi hissənin qadın qulluqçularına bayram hədiyyələri və çiçək dəstələri təqdim olunub.