DYP buklet paylayacaq

11 May 2012 17:05 (UTC+04:00)

Bakı şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədov bildirib ki, "Jurnalistika və İnkişaf Mərkəzi"nin layihəsi onlarda maraq doğurduğu üçün bu işi dəstəkləyir və çap olunmuş buklet və kitabçalar DYP rəhbərliyinin marağına səbəb olub.

"Biz istəyirik ki, bu layihə çərçivəsində həm də yollarda sürücülərin, sərnişinlərin və piyadaların maarifləndirilməsinə, yol mədəniyyətinin daha da artırılmasına nail olmaq üçün bir neçə tədbir keçirək. Artıq bır neçə tədbir keçirmişik və çox yaxşı nəticələr əldə olunub. Bu işləri davamlı şəkildə həyata keçirəcəyik. Çalışırıq ki, Bakıya gələn qonaqlar narazı qalmasınlar. Əlimizdə olan buklet və kitabçalar yol polisi və taksi sürücülərində daimi olsa və onlar bunu öyrənsələr, о zaman heç bir çətinlik olmayacaq. Həm də taksiyə minən əcnəbi qonaq bu bukletin köməyi ilə hara və ya hansı istiqamətə gedəcəyini sürücüyə izah edə biləcək", - Əsədov bildirib.

Azərbaycanda "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsinə ictimai dəstək - tariximizin və mədəniyyətimizin təbliği" adlı yeni layihənin icrası davam edir. Layihə "Jurnalistika və İnişaf Mərkəzi" İctimai Birliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfındən icra olunur. Layihədə məqsəd yol polisi və taksi sürücüləri arasında maarifləndirmə işi aparmaq, eləcə də yol hərəkətində təhlükəsizliyin təbliği işini genişləndirməkdir.

Bu məqsədlə artıq "Jurnalistika və İnkişaf Mərkəzi" Bakı şəhər DYP İdarəsi ilə birgə bir neçə maarifləndirici tədbirlər həyata keçirib. Mayın 11-dən başlayaraq isə təşkilatın Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap etdirdiyi buklet və kitabçaların paylanmasına start verilib. Bukletdə Azərbaycan və onun işğal olunmuş əraziləri, əhalisi, etnik tərkibi haqqında qısa məlumatla yanaşı, istirahət mərkəzləri, hotellər, dini obyektlər, müxtəlif xidmət barədə məlumatlar Azərbaycan və ingilis dillərində əksini tapıb. Şəhərimizə gələn qonaqlar bu bukletlərin köməyi ilə sərbəst hərəkət edə biləcəklər. Eyni zamanda, Azərbaycan və ingilis dillərində söz və söz birləşmələrinin əks olunduğu kitabça da artıq çap olunub və taksi sürücülərinə, yol polisi əməkdaşlarına pulsuz paylanılacaq.

"Jurnalistika və İnkişaf Mərkəzi"nin sədri Elməddin Muradlı bildirib ki, may ayı ərzində bu işlər mütəmadi olaraq həyata keçiriləcək.