Bakıda karantin yerini özbaşına tərk edən şəxs geri qaytarılıb

11 Mart 2020 20:08 (UTC+04:00)

1 saylı Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsilə karantində saxlanılan və 1 gün əvvəl özbaşına xəstəxananı tərk edən şəxs geri qaytarılıb.

Mərkəzdən Mövqe.az-a verilən məlumata görə, həmin şəxs hazırda Kliniki Tibbi Mərkəzdədir:

"Dünən həmin şəxslərdən biri həkimdən icazəsiz xəstəxananı tərk edib. Həkim briqadası onu yenidən mərkəzə qaytarıb və başa salıblar ki, icazəsiz xəstəxananı tərk etmək olmaz. Adam pəncərədən qaçmayıb. Bizdə cəzaçəkmə müəssisəsi deyil ki, onlar xüsusi rejimdə saxlanılsın. Adi palata şəraitində saxlanılır, həmin şəxs də həkimə deməmiş palatadan çıxıb gedib. Hazırda karantində 6 nəfər saxlanılır, onlarda koronavirus aşkarlanmayıb. Karantin müddəti başa çatandan sonra evə yazılacaqlar".

Xatırladaq ki, mediada koronavirus xəstələrindən 1 nəfərin Kliniki Tibbi Mərkəzdə pəncərədən qaçması barədə məlumat yayılıb.