Dərnəyə çevrilmiş radikal müxalif partiyalar siyasi dialoqdan qaçdı

12 Mart 2020 09:22 (UTC+04:00)

 

Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisina çılış iclasında çıxışında demokratiya, plüralizm kimi dəyərlərə də toxunaraq qeyd etdi ki, siyasi partiyalarla dialoqa mühüm əhəmiyyət verir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.

Bir sözlə, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir”.

Həqiqətən də, radikalyönümlü partiyalar əvvəlki qeyri-konstruktiv mövqelərində qalaraq dialoqlardan da qaçırlar. Halbuki, həmin qüvvələr başqa vaxtı dialoqun vacib olduğundan dəm vururlar. Ancaq dialoq mühiti yarandıqda, qarşı tərəfdən təkliflər gəldikdə, ondan imtina edirlər. 

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, radikal müxalifət özünü bu ölkənin təmsilçisi hesab etmədiyindən Prezident Adminstrasiyası nüemayəndələrilə dialoqdan yayınırlar: “Azərbaycanda yeni bir siyasi mühit formalaşıb. Çoxpartiyalı sistemin inkişafı istiqamətində ciddi addımlar atılır. Bu tendensiyanın təzahürü həm spiker müavinləri, həm də komitə sədrlərinin müavinləri timsalında Milli Məclisdə strukturların formalaşmasında da özünü göstərir. Ölkədə ciddi islahatlar aparılır. Bu islahatlar ölkə həyatının bütün istiqamətlərini əhatə edir.

Belə olduğu təqdirdə, Əli Kərimli və bu qəbildən olan insanlar özlərini bu prosesin, eyni zamanda bu ölkənin tərkib hissəsi hesab etmirlər. Onların qənaətinə görə, ölkədə həyata keçirilən nə varsa, onun üzərinə yalnız kölgə salınmalı, ətrafında müəyyən manipulyasiya elementləri həyata keçirilməlidir”.

Digər tərəfdən, həmsöhbətimiz bu qüvvələrin dialoqda hansısa bir fikri söyləmək gücündə olduqlarını da zənn etmir: “Nəticə etibarı ilə onların hakimiyyət nümayəndəsilə üz-üzə oturub hansısa fikir söyləyəcəyini də düşünmürəm. Çünki fikir istehsalı radikal düşərgədə çoxdan dayanıb.  Onlar yalnız dedi-qodu istehsal edə bilirlər. Onlar ancaq Azərbaycanın mental dəyərlərinə, düşüncəsinə, bütövlükdə bəşəri dəyərlərə zidd olan mülahizələr, fikirlər, aksiyalar istehsal edə bilərlər. Bu qüvvələrin bundan kənarda ortalığa hansısa bir mədəniyyət nümunəsi qoyacaqlarını düşünmürəm”. 

E. Mirzəbəylinin fikrincə, arqument və fikrilərinin alt-üst olacağını qabaqcadan bildiklərindən radikallar həmin dialoqa maraq göstərmir: “Bilirlər ki, görüşə gedəcəkləri təqdirdə, onların bütün arqumentləri alt-üst olacaq. Prinsip etibarı ilə onsuz da bu arqumentləri alt-üst olub. Ölkədə həyata keçirilən islahatlar, atılan addımlar bu adamların səsləndirdikləri dedi-qodu xarakterli ritorik, pafoslu mülahizələrini kökündən  məhv edib. İndiki şəraitdə də dialoq formatında iştirak edib fikir bildirməyə imkanları yoxdur”.

Partiya funksioneri onu da qeyd etdi ki, radikalları həmçinin dövlətin, xalqın mənafeyi deyil, öz şəxsi mənafeləri maraqlandırdığından belə dialoqlara meyl etmirlər: “Bu qüvvələr öz fəaliyyətlərilə dəfələrlə göstəriblər ki, şəxsi maraqlarını dövlət və milli maraqlardan üstün tuturlar. Məhz buna görə də dövlət və milli maraqlara xidmət edən dialoqda iştirakdan hər zaman olduğu kimi bu dəfə də qaçıblar”.

ASDP sədri Araz Əlizadənin fikrincə, Əli Kərimlinin iqtidarla dialoqda deməyə sözü olmadığından bu kimi siyasi təmaslardan yayınmağa üstünlük verir: “Radikal müxalifətin deməyə sözləri yoxdur. Ona görə də iqtidarla dialoqdan yayınır, qaçırlar. İnsanın deməyə sözü olmayanda o dialoqdan imtina edir, qaçır.

Əli Kərimlinin indi rəhbəri olduğu AXCP-nin  də artıq 30 ildir ki, deməyə sözləri yoxdur. Ona görə də belə dialoqlardan imtina edirlər”.

R. SOLTANOV