"Rus ruleti" dolları çökdürür?!

12 Mart 2020 10:10 (UTC+04:00)

Son günlərdə neft bazarında müşahidə edilən durğunluqla bağlı müxtəlif ehtimallar irəli sürülür. İlkin qənaət ondan ibarətdir ki, koronavirusun yayılması dünya iqtisadiyyatında tələbin zəifləməsinə səbəb olub və belə vəziyyətdə əmtəə bazarlarında qiymətlərin  düşməsi baş verir ki, bu da öz növbəsində neftin ucuzlaşmasına əsas yaradır. Neftin ucuzlaşması prosesi 2020-ci ilin yanvarından başlayıb və artıq elə bir həddə çatıb ki, o, sadəcə neft ixrac edən ölkələr üçün yox, həm də emal sənayesi inkişaf edən, böyük həcmdə məhsul ixrac edən ölkələrə də zərər vurur. Yanvarda 70 dollara satılan Brent nefti hazırda 37 dollara alıcı tapır. Qısa müddətdə Brent neftinin 2 dəfəyə yaxın ucuzlaşması baş verib.

Bəzi iddialara görə neftin bu qədər ucuzlaşması ani qərarla bağlı olub. Belə ki, Rusiya Səudiyyə Ərəbistanın təklifini məqbul hesab etmədiyindən bazarda gərginlik yaranıb. İddia olunur ki, Səudiyyə Ərəbistanı Rusiyanın razılığa gəlməməsindən hiddətlənərək neft hasilatını artırmaq və süni qiymət artımına getməyə qərar verib.

Neftin kəskin ucuzlaşmasının başqa niyyətlərin təsirindən qaynaqlandığını düşünənlər də var. Son günlərdə baş verənlər göstərir ki, başqa versiyaların real olması ehtimalı daha yüksəkdir. Həmin versiyalara görə neftin kəskin ucuzlaşdırılmasına qlobal iqtisadiyyatda virus səbəbindən yaranan böhranın mənfi təsiri var. Amma bu dərəcədə ucuzlaşma sadəcə böhranla bağlı deyil. Burada digər məqsəd ABŞ-ın neft bazarında payının azaldılmasına nail olmaq istəyidir.

Qazaxıstanlı politoloq və iqtisadçı Petr Svoik düşünür ki, neftin qiymətinin kəskin azalması əslində böyük oyundur. Onun fikrincə, dünya maliyyə bazarına, daha konkret desək, ABŞ dollarına qarşı hücum var. O, bu hadisələri Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft qarşıdurmasının nəticəsi hesab edən bir sıra ekspertlərin fikirləri ilə razılaşmayıb: "Xatırladım ki, 2008-ci ilin dünya iqtisadi böhranı ABŞ bazarındakı maliyyə böhranından başlamışdı, ondan sonra da başqa məsələlər, o cümlədən neftin ucuzlaşması meydana çıxdı. İndi isə hamısı tam əksinə gedir. Əvvəlcə koronavirus çıxdı və bütün iqtisadiyyatı yavaşlatdı, ən əsası da dollar piramidasını bəsləmək imkanlarını da azaltdı. İndi də Rusiya əvvəlcə ABŞ şist neftini bazardan sıxışdırıb çıxartmaq üçün neftin qiymətini erkən azaltmaq üçün oyuna başlayır, daha sonra qaz bazarının növbəsi çatacaq. Bu ucuzlaşdırma oyunu yalnız ABŞ-dakı şist nefti hasilatının tam axırına çıxandan, bu sahədə çalışan şirkətlərin hamısı müflisləşəndən sonra başa çatdırıla bilər”.

Onun sözlərinə görə, belə olan halda neftin qiyməti 30-40 ABŞ dolları, bəlkə də 45 dollara çatacaq: "Hər halda ABŞ şist neftini sıxışdıracaq qiymət həddi olmalıdır. Bu qiymət uzun müddət saxlanılacaq, Rusiya üçün belə qiymət məqbuldur. Müharibə neft bazarı uğrunda yox, maliyyə bazarı uğrundadır”.

 

Qazaxıstanlı şərhçinin fikirlərində həqiqət payı çoxdur. 2014-cü ildə neftin kəskin ucuzlaşmasından sonra qiymətlərin hələ də 50-60 dollar səviyyədə qalması məhz ABŞ faktoru ilə bağlıdır. Səudiyyə Ərəbistanı, Rusiya və onunla birgə hərəkət edən ölkələr hasilatı xeyli dərəcədə azaltsa da məhz ABŞ-da şist neft hasilatının kəskin artırılması hesabına dünyada neft qiymətlərinin aşağı səviyyə salınmasına nail olundu. Bunun nəticəsində ABŞ Sədudiyyə Ərəbistanı və Rusiyanı qabaqlayaraq dünyanın ən böyük neft hasilatçısına çevrildi.

ABŞ-ın neft bazarına və qlobal iqtisadiyyata təsir vasitələrindən biri də dollardır. 2014-cü ildən başlayaraq ABŞ dolları bahalaşdırdı. Həmin dövrdə dollar indeksi 80-84 intervalında dəyişdiyi halda, indi 96-100 intervalında dəyişir. ABŞ dolları bahalaşdırmaqla qlobal bazarda tələbi aşağı saldı və bu amil də neft qiymətlərinə azaldıcı təsir göstərdi.

İndiki vəziyyətdə Rusiyanın əsas məqsədi ABŞ-da şist neft hasilatına ciddi zərər vurmaqdır. Çünki neft qiymətlərinin 45 dollardan aşağı olması şist neft hasilatçılarına sərf etmir. ABŞ-dakı hasilatçıların digər zəif tərəfi onların hasilatı artırmaq üçün lazım olan sərmayəni borc şəklində cəlb etməsidir. Əgər neft qiymətləri uzun müddət 40 dollar səviyyəsində qalarsa, şist neft hasil edənlərin əksəriyyəti iflas təhlükəsi ilə üz-üzə qalacaq və böyük məbləğdə alınan borcları geri qaytarmaq mümkün olmayacaq. Bunun nəticəsində həm ABŞ-ın şist neft hasilatında böhran  yaranacaq, həm də qlobal böhran riskinin maliyyə bazarlarına keçmə ehtimalı güclənəcək. Bu ehtimaldan yayınmaq üçün ABŞ-ın müəyyən güzəştlərə getməsi, o cümlədən dolların ucuzlaşdırması labüd hala çevrilə bilər.

Qeyd edək ki, dollar son iki ayda 5 faiz dəyər itirib. İndeks 100 səviyyəsindən 95 səviyyəsinə qədər geriləyib. Amma bu da kifayət etməyə bilər. Əmtəə bazarlarına dəstək olmaq məqsədilə hökmən tələb artırılmalıdır. Bunun üçün dolların daha çox ucuzlaşdırılması vacibdir. Bu məqsədlə FED-in uçot dərəcəsinin bir qədər də azaltması, eyni zamanda dövriyyə ucuz pul kütləsini buraxması vacibdir. Yeri gəlmişkən bildirək ki, ABŞ prezidenti Donald Tramp FED-dən faiz dərəcəsini rəqib ölkələrin səviyyəsinədək endirməyə çağırıb. Bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb. O FED-in bu məsələdə ləng davranmasından şikayətlənib.

Vəziyyət onu göstərir ki, sadəcə neft ixracatçıları yox, böyük sənayeyə malik ölkələr üçün də belə ucuz neft əlverişli deyil. Dünya iqtisadiyyatının tarazlığı üçün neftin qiymətinin 50 dollar səviyyəsindən aşağı enməməsi məqsədəuyğundur.

Vasif CƏFƏROV