Azərbaycanda məscidlərə gələnlərin sayı xeyli azalıb

12 Mart 2020 17:51 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) koronavirus təhlükəsi ilə bağlı tövsiyəsindən sonra məscidlərə, ziyarətgahlara gələn insanların sayında xeyli azalma var.

Bu barədə Mövqe.az-a QMİ-dən məlumat verilib.

Bildirilib ki, hər gün məscidlərə gələn insanların sayı barədə QMİ-yə məlumat verilir və gələn insanların sayında xeyli azalma müşahidə olunur.

Vurğulanıb ki, QMİ-nin bu tövsiyəni məcburi qaydada icra etdirmək mexanizmi yoxdur. Ancaq məscidlərə gələn insanlara izah olunur ki, virusun yayılma təhlükəsini nəzərə alaraq imkan daxilində dindarlar evlərində fərdi qaydada namaz qılsınlar, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məscid daxilində bütün tədbirləri, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salsınlar.

Qeyd olunub ki, dindarlar da bu məsələyə şüurlu şəkildə yanaşırlar, yəni məsələnin vacibliyini, ictimai təhlükəsizliyi nəzərə alırlar.

İdarədən, həmçinin bildirilib ki, hətta bir çox insanlar virusun yayılma təhlükəsini nəzərə alaraq Təzə Pir məscidində yas mərasimlərini təxirə salırlar.