"Eurovision" ləğv olunacaq? - Ölkələr imtina edir

13 Mart 2020 21:25 (UTC+04:00)

Dünayada sürətlə yayılmağa başlayan koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar bir çox böyük tədbirlər təxirə salınıb. Hazırda isə hər kəsin gözü məşhur "Eurovision" yarışmasının təxirə salınıb-salınmamasıdır.

Mövqe.az axşam.az-a istinadən xəbər verir ki, musiqili yarışmanın olmayacağı ilə bağlı heç bir məlumat verilməyib. Hətta müsabiqənin keçiriləcəyi günlərdə bilet satışları davam etdirilir.    

Təşkilat komitəsi martın 9-da keçirilməsi planlaşdırılan 41 ölkənin nümayəndələrinin qatılmalı olduğu tədbiri təxirə salıb. Buna səbəb olan amillərdən biri də tədbirə qatılması planlaşdırılan nümayəndələrdən birində koronavirus aşkarlanması olub.

Bir tərəfdən isə ölkələrin bir neçəsi təmsilçilərini "Eurovision"a göndərməkdən imtina edəcəklərini açıqlayıblar. Onlar arasında İsveçrə və İsrail təmsilçiləri var. Onlar mayın 9-da keçiriləcək tədbirdə yer almayacaqlarını açıqlayıblar.

İsrail nümayəndələri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edərək səfərləri təxirə salıb. İsrailin səhiyyə nazirliyi də müğənni Edenin ölkədən çıxışına qadağa qoyub.

İsveçrə nümayəndiliyi isə təmsilçilərinin Roterdama getməyəcəyini açıqlayıb. Bildirilib ki, onlar müğənnilərinin onlayn çıxış etməsini planlaşdırırlar. İsveçrənin "Eurovision 2020" üzrə nümayəndəliyi bütün görüşlərə video danışıqla qatıla biləcəklərini söyləyib.

Litva təmsilçisi "The Roop" qrupunun prodüseri də açıqlama yayıb. Bildirilib ki, qrup üzvləri "Eurovision"la bağlı heç bir tədbirə qatılmayacaq.

Hazırda yarışmanın açılış mərasiminin mayın 16-da keçirilməsi planlaşdırılıb. Nümayəndə heyəti virusun hələ ki, "Eurovision" üçün təhlükəli olmadığı açıqlayıb. Onlar hadisələrin gedişindən asılı olaraq beynəlxalq yarışma ilə bağlı qərar verəcəklərini söyləyiblər.