Azərbaycan böhrana hazırdır

17 Mart 2020 08:50 (UTC+04:00)

İndi dünya ölkələrinin nə dəbli ifadəsləri “neftin ucuzlaşması”, “koronovirus” və “dolların konversiyası”dır. Bu ifadələrin cəmi isə birlikdə başlanmış dünya iqtisadi böhranının mahiyyətini izah edir. Bəs, bu iqtisadi təbəddülat Azərbaycanda özünü necə göstərəcək?

Mütəxəssislərin rəyinə görə, neftin qiymətinin kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına böyük təsirinin olması gözlənilmir. Çünki, 10 ilə yaxındır ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı hökumətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Məhz indiyədək görülmüş işlərin  nəticəsidir ki, iqtisadi böhranların qarşılanmsaı üçün əldə ciddi təcrübə toplanılıb. Hazırkı vaxtda ardıcıl şəkildə aparılan strategiya nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı 2014-2015-ci illərdəkindən tamamilə fərqlənir. Bundan əvvəlki böhran zamanı ölkədə müəyyən həyəcan yaşanmışdı. Amma bu dəfə heç bir tərəddüdə, yaxud şübhəyə, hətta ehtimala belə əsas yoxdur. Azərbaycanda kifayət qədər ərzaq ehtiyatı var və istehsal uğurla davam etdirilir. Yəni, hər fəslin özünəməxsus ərzaq məhsulları həmişə olduğu kimi supermarketlərin və bazarların piştaxtalarını lazımı qədər dolduracaq, əhalinin istehlakı tamamilə ödənəcəkdir.

Azərbaycanın bu günə maliyyə ehtiyyatları 50 milyarddan  çoxdur və 106 faiz olmaqla ÜDM-ni üstələyir. Dünyada belə göstəriciyə malik ikinci bir ölkə tapmaq çətindir. Bu rəqəm eyni zamanda rahatlıq üçün real əsas yaradır. Lakin buna baxmayaraq, hökuməıt müvafiq işlər görür və böhranı yumşaq keçirmək üçün tədbirlər planı işləyib. Başlıca məsələ sosial proqramların dayandırılmamasıdır. Bunun üçün müvafiq maliyyə resurslar var və uzun müddətə böhranın qarşısını almağa kömək edəcək. Bundan başqa, iqtisadçılar təhlil edib ki,  ölkəmizdə fiskal və monetar manevrə imkan yaradan ehtiyyatlar yetərincədir.

Böhranın əsas atributlarından olan dolların ucuzlaşması prosesi artıq bir çox ölkələrdə ciddi iqtisadi narahatlıq yaradıb. Əhali panikaya düşərək kortəbii şəkildə ehtiyatlarında olan vəsaitləri bazara çıxarır yaxud dollara çevirirlər. Lakin bu heç də baş verənlərin təsirina azalda bilməz və vəziyyətdən çıxış yolu ola bilməz. Əksinə ayrı-ayrı fərdlərin tədbirləri nəzərə almadan hərəkət etməsi cəmiyyətdə yersiz ajiotaj yaradır və vəziyyəti gərginləşdirməyə yönəlir. Biz gələn informasiyalardan görünür bir sıra ölkələrin vətəndaşları ərzaq qıtlığının baş verəcəyi qorxusu ilə supermarketlərə “hücum” edirlər. Nəticədə isə əhalinin əlində-ovcunda olan ehtiyatlat tükənir, ticarətçilər isə daha da varlanırlar. Məsələ burasındadır ki, ərzaq məhsulları qısa müddətdə keyfiyyətini itirir və artıq alınmış məhsullar camaatın iqtisadi vəziyyətini çətinləşdirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən Azərbaycan manatının məzənnəsinin sabitliyini şərh edərkən deyib ki, mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5%, rus rublu 9,8%, türk lirəsi 1,4%, Ukrayna qrivnası 5,9%, Çin yuanı 0,39% və qazax tengəsi 6,7% dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb.

V. Qasımlının fikrincə, real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır. Manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar – alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, “Big Mac” indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub.

“Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 dollardır. Yəni ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 dollara almaq mümkündür”, - deyə V. Qasımlı qeyd edib.

Bu deyilənlər misal olaraq bir faktı nəzərə çatdırmaq yerinə düşər. Məsələn, “Bazarstor” supermarketlər şəbəkəsinin Nəsimi filialında son bir ildə yerində təzə bişirilmiş isti qoğalın qiyməti 59 qəpik olsa da, artıq mart ayının 16-dan bu məhsul 39 qəpiyə endirilib. Yaxud, 8-ci km bazarında son bazar gününədək 4-5 manatdan aşağı qiymətə qoz olmadığı halda, artıq alıcılara 3 manata da bu məhsuldan təklif edirlər. Beləliklə, ölkə rəhbərliyinin qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində gördüyü işlər öz bəhrəsini verib və dayanıqlı iqtisadiyyat işdə dayanıqlı sosial vəziyyət yaratmaqla əhalinin güzəranını qorumaq vəzifəsinin öhdəsindən inamla gəlir.

N.NOVRUZ