ABŞ dünya iqtisadiyyatında ucuz dolların həсmini artıracaq

17 Mart 2020 09:55 (UTC+04:00)

Dünya əmtəə bazarlarında müşahidə olunan böhranın maliyyə bazarlarına keçməməsi üçün mərkəzi banklar tərəfindən önləyici tədbirlər görülür. Belə tədbirlərdən biri də uçot dərəcəsinin endirilməsidir. 2020-ci ildə artıq bir neçə böyük ölkənin mərkəzi bankı faizləri endirib. Faizlərin endirilməsi prosesinə ABŞ-ın mərkəzi bankı olan FED də qoşulub. FED ötən həftənin sonunda uçot dərəcəsini kəskin şəkildə azaldaraq 0-0,25% aralığına salıb. Koronavirus epidemiyasına qarşı ABŞ iqtisadiyyatını qorumağa çalışan FED sonuncu dəfə 3 Mart 2020-ci il tarixində təcili toplanaraq 0,50 bənd faiz endiriminə getmiş və faizi 1,50-1,75 %-dən 1,00-1,25 % aralığına endirmişdi.

FED-in sədri Cerom Pauel faiz endirimi qərarını şərh edərkən qeyd edib ki, koronavirus ABŞ iqtisadiyyatında və bütün dünyada güclü mənfi təsir yaradıb. Onun fikrincə, mərkəzi banklar çətinliyi azaltmaq üçün əllərindən gələni etməlidir.

Pauelun proqnozuna əsasən, xəstəlik iqtisadi fəaliyyət üzərində ciddi neqativ təsir formalaşdıracaq. Bu il inflyasiyanın virus səbəbilə təzyiq altında qalacağını deyən FED sədri, istiqraz bazarı və digərlərinin də güclü stress və aşağı likvidlik siqnalları verdiyini söyləyib. O belə bir vəziyyətdə FED-in istiqraz və digər qiymətli kağızlar alışı planlaşdırdığını vurğulayıb. Pauel, ikinci rübün zəif keçəcəyini və sonrasının qeyri-müəyyən olduğunu da bildirib.

FED-i belə tələsik və daha böyük sürətlə faizləri endirməsinə beynəlxalq birjalarda kəskin şəkildə indekslərin düşməsi və səhmlərin ucuzlaşması məcbur edib. Hazırda dünyada ən riskli bazarlar səhm bazarlarıdır. Mart ayı girəndən qiymətli kağızlar bazarında trilyonlarla dollar itki olub. Dow Jones, NASDAQ və S&P 500 ucuzlaşır. Vəziyyətdən anlaşılır ki, FED və digər böyük maliyyə qurumları yenidən qlobal iqtisadi böhranın baş verməsindən qorxurlar.

FED bu qərarə ilə sərbəst maliyyə vəsaitlərinin real iqtisadiyyata dönməsini arzulayır. ABŞ-ın 10 illik qiymətli kağızları üzrə faizlər son illərdə ilk dəfə olaraq 1 faizdən də aşağı düşdü. Hazırda faizlər 0,9-0,95 intervalında dəyişir. Müşahidələrə görə son on illiklərdə faizlərdə belə sərt düşüş olmamışdı.

Xarici analitiklər hesab edir ki, ABŞ faizlərinin belə düşməsi böhran qorxusu ilə bağlıdır. Əslində FED-i faiz endiriminə getməyə də birjalardakı ucuzlaşma məcbur etdi. FED-in faizləri endirməsi dollarla likvidliyi artıracaq. Bunun Azərbaycana müsbət təsiri olacağı gözlənilir. FED çalışır ki, dünyada ucuz pulun həcmi artsın və nəticədə xərclər çoxalsın. Bu məqsədlə FED-in ABŞ və dünya iqtisadiyyatına 5 trilyon dollar əlavə likvidlik verəcəyi güman olunur. Xərclər artarsa əmtəə qiymətləri yüksələ bilər. Buna uyğun olaraq neft qiymətlərinin də bir qədər yüksəlməsi ehtimalı var. Burada Azərbaycan üçün önəmli olan məsələ də neftin qiymətidir. Son iki ayda qlobal iqtisadiyyatda tələbin zəifləməsi, xərclərin azalması nefti ucuzlaşdırır. Neftin qiyməti bizim üçün arzuedilməyən səviyyə düşüb.

Faiz endirimlərinin Azərbaycan üçün digər müsbət tərəfi xarici borclara ödənən faizlərlə bağlıdır. Azərbaycanın aldığı xarici borcların 60 faizindən çoxu dəyişən faizlər əsasında alınıb. Dollarla olan borcların faizinə FED-in faiz qərarı da təsir edir. Faizlərin endirilməsi o deməkdir ki, Azərbaycanın dollarla aldığı borclar üzrə də faizlər düşəcək.

Ölkəmiz üçün əhəmiyyətli olan digər məsələ qlobal iqtisadiyyatdakı canlanma olacaq. Koronavirus insanların və şirkətlərin xərclərini azalmasına səbəb olmaqdadır. FED və digər mərkəzi banklar faizləri endirməklə dövriyyədə daha çox ucuz vəsaitin olmasına şərait yaradırlar. Ucuz vəsaitlərin çox olması insanların və şirkətlərin xərclərini artıracaq ki, bu da ümumi iqtisadi aktivliyə səbəb olacaq. Artan iqtisadi aktivlik Azərbaycanın ixracına, o cümlədən qeyri-neft ixracına müsbət təsir edəcəyi gözlənilir.

Bəs, bu vəziyyətdə Azərbaycanın Mərkəzi Bankı hansı addımı atmalıdır? Ölkəmizdə də faizlər kəskin endirilməlidirmi?

Martın 19-da Azərbaycan Mərkəzi Bankı 2020-ci ildə pul siyasətinə həsr olunan ikinci iclası keçirəcək. İclasda faiz dəhlizinin parametrlərinə dair qərarlar qəbul olunacaq. Bundan əvvəlki iclaslarda faizlərin endirilməsinə dair qərarlar qəbul olunub. 2019-cu ildə Mərkəzi Bankının İdarə Heyətinin 8 dəfə iclası keçirilib və bütün iclaslarında faizlərin endirilməsi qərarı verilib. 2020-ci ilin yanvarın 31-də keçirilən son iclasda da Mərkəzi Bank faiz endirmişdi. Son iclasda faiz dərəcəsi 7,5-dən 7,25-ə salınıb.

Ümumilikdə ölkəmizdə 2017-ci ildən faizlər endirilir. Həmin dövrdə 15 faiz olar uçot dərəcəsi tədricən azaldılaraq 7,25-ə salınıb. Son endirimlərdə bir qayda olaraq uçot dərəcəsinin 0,25 faiz bəndi aşağı salınması müşahidə edilir.

2020-ci ildə Mərkəzi Bank illik inflyasiyanın 2-6 faiz diapozonunda qalmasına çalışacaq. Xaricdə əmtəələrin ucuzlaşması, eyni zamanda daxildə tələbin zəifləmə riski qiymət artımlarını çətinləşdirəcək. Buna görə də Mərkəzi Bank da faizləri endirməlidir. Amma faizlərdəki enmə 0,25 faiz bəndi yox, daha çox ola bilər.

 

Vasif CƏFƏROV