Əcnəbilərlə müştərək film çəkilişlərinin sayı azalıb-ÖZƏL

4 İyul 2013 16:35 (UTC+04:00)

Nadir Diridağlı: "Rejissorların, ssenaristlərin, operatorların, rəssamların və texniki heyətin böyük layihələrdə birgə çalışmaları ancaq alqışlana bilər"


Kino sahəsində iki və bəzən daha artıq ölkə kinematoqarfçılarının birləşərək müştərək film çəkməsidir. Qərb ölkələrinin timsalında buna tez-tez rast gəlmək olar. Sovetlər dönəmində ölkəmizdə də bu təcrübədən istifadə olunub. Lakin son illərdə belə hallara rast gəlinmir. Bu haqda Mövqe-az-a danışan "Azərbaycanfilm"kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirir: "Əvvəllər müştərək film çəkmək vərdişi Sovetlər dövründə bir neçə dəfə olub. Amma sonralar belə şey olmayıb. Bu yaxınlarda "Mahmud və Məryəm" əsərinə aid filmi Türkiyə ilə birgə çəkdik. İndi isə Belarus ilə birgə film çəkilişinə start verəcəyik. Bundan əlavə bir sıra xarici şirkətlərlə ko-produksiyalara hazırlaşırıq. 2014-cü ildə çalışacağıq ki, bu müştərək film çəkilişlərini bir az da çoxaldaq. Çünki bu ölkəmiz üçün çox önəmli işdir. Bütün dünyada kinonun inkişafında müştərək filmlərin çəkilişi xeyrli və gəlirli sahə kimi özünü nümayiş etdirir. Sentyabr ayında bildiyiniz kimi, Xəzərə aid  müsabiqə elan etmişik. 9 yaxın xarici şirkətlərin produsserləri, aktyor heyyəti gələcək. O iş müştərək olaraq nəzərdə tutulub. Hal-hazırda bir layihə üçün Belarus filmlə danışıqlar gedir. Layihə tam təsdiqlənmədiyi üçün dəqiq açıqlama verə bilmirik". 

Tanınmış rejissor Nadir Diridağlı da bu barədə fikirlərini Mövqe.az-la bölüşdü: "Belə müştərək işlər həmişə olduğu kimi indi də davam edir.  Düşünürəm  ki, bu, həm fikir mübadiləsi, həm də təcrübə baxımından olduqca vacib və gərəkli məsələlərdir. Bu, təkcə yaradıcıllıq yox, həm də elmi və texniki nailiyyətlərin öyrənilməsi baxımından uğurlu bir işdir. Güman edirəm ki, rejissorların, ssenaristlərin, operatorların, rəssamların və texniki heyətin böyük layihələrdə birgə çalışmaları ancaq alqışlana bilər... Elçinin "Mahmud və Məryəm" romanının motivləri əsasında ərsəyə gələn və yenicə ekran həyatı yaşayan bədii və tarixi sənət əsəri də məhz belə müştərək işin - Azərbaycan və Türkiyənin birgə layihəsidir. İnanırıq ki, zamanla belə müştərək layihələr çox olacaq".