Ermənistana köhnə, istsimara yararsız hərbi texnika sırınır

19 Mart 2020 09:36 (UTC+04:00)

 

İşğalçı Ermənistan özünün hərbi arsenalını müəyyən dərəcədə artırsa da, onun xaricdən aldığı silah-sursat, hərbi texnika ya istifadəyə yararsız olur, ya da əcnəbi dövlətlər İrəvana ancaq köhnəlmiş texnikanı satırlar. Ermənistan baş naziri Nikol Paşinyan da bu yaxınlarda etiraf edib ki, ölkəsinin hərbi müstəvidə əməkdaşlıq etdiyi bəzi ölkələr onlara ya istifadəyə yararsız, ya da vaxtı keçmiş texnikanı satır.

Bu, o deməkdir ki, Ermənistanın hərbi arsenalı əsasən elə istifadəyə yararsız və köhnəlmiş texnikadan ibarətdir. Azərbaycan isə əməkdaşlıq etdiyi bütün ölkələrdən, İsrail, Türkiyə, Pakistan və digərlərindən ancaq ən müasir hərbi texnika alır. Bunu 2016-cı ilin aprel döyüşləri döyüşləri də göstərdi.  Azərbaycan Ordusu malik olduğu müasir tələblərə cavab verən hərbi texnika və silahla düşmənin köhnə silahlarla silahlanan başıpozuq dəstələrini darmadağın etdi.

 

 

Milli Məclisin deputatı Elman Nəsirov qeyd etdi ki, dünya dövlətlərinin Ermənsitana Azərbaycandan fərqli olaraq istifadəyə yararsız və vaxtı keçmiş silahlar satması, işğalçı ölkənin iqtisadi və maliyyə imkanlarının olmamasından qaynaqlanır: “Məlum həqqiqətdir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50  ordusu sırasındadır. Ermənistan isə bu müstəvidə də ölkəmizdən dəfələrlə geri qalır, 96-cı yerdədir. İrəvan çox istəyir ki, bu balansı xeyrinə dəyişsin. Amma bunu dəyişmək üçün ilk növbədə ölkə çox güclü iqtisadiyyata və maliyyə imkanlarına malik olmalıdır. Bunların heç biri Ermənistanda yoxdur. Ermənistan işğalçılıq siyasəti yeritməsi üzündən blokada vəziyyətində olan bir dövlətdir. Olduqca kiçik və zəif bazarı var”.

E. Nəsirov onu da vurğuladı ki, belə olan vəziyyətdə heç bir dövlət üçün Ermənistan nə iqtisadi, siyasi, nə də hərbi baxımdan maraq kəsb etmir: “Azərbaycan dövlət rəhbəri dəfələrlə çıxışlarında qeyd edib ki, ölkəmiz münaqişə ilə bağlı danışıqlar yoluna sadiqdir.  Lakin danışıqlar nəticə verməyəcəyi təqdirdə, münaqişəni hərbi yolla həll etmək hüququ da ölkəmizə məxsusdur.  Bu nöqteyi-nəzərdən Azərbaycan Ordusu daha da güclənməkdədir.

Azərbaycan Rusiya ilə 5 milyard dollarlıq silah, hərbi texnika almaqla bağlı müqavilə imzalayıb və bunun da xeyli hissəsi həyata keçib. Ölkəmiz həmçinin İsrailə 1,6 milyardn dollarlıq həcmində hərbi müqavilə imzalayıb. Eyni zamanda, Ukrayna, Türkiyə, Belarus və digər dövlətlərlə də bu sahədə əməkdaşlıq edirik. Özü də aldığımız bu silah və hərbi texnikalar dövrün tələblərinə cavab verən ən müasir hərbi texnikalardır.

Ermənistanın maddi imkanları isə ona anoloji addımlar atmağa imkan yaratmır. İrəvan ən yaxşı halda, Serbiya, Hindistandan ucuz, Rusiyadan kredit hesabına köhnəlmiş silahları alır.  Yəni düşmən ölkə birbaşa deyil, ancaq kredit hesabına, özü də ancaq yararsız silahları alır. Paşinyan da etiraf edib ki, alınan silahların çoxu köhnə və yararsız silahlardır. Müasir silahları almağa Ermənistanın iqtisadi və maliyyə gücü yoxdur”.

Deputat bildirdi ki, Ermənistan belə vəziyyətdən nəticə çıxarmalı, torpaqları işğaldan azad etməlidir. Əks halda yaranmış vəziyyətdə düşmən ölkə özünü daha pis duruma salacaq: “Bütün bunlar Ermənistan rəhbərliyi üçün bir siqnal olmalıdır. Nə qədər ki, bu fərq müqayisəyə gəlməyən səviyyədə artır, belə olan vəziyyətdə proses Ermənistan üçün ciddi ağır nəticələr, böyük fəsadlar gətirəcək.   

Azərbaycan Ordusu günü-gündən daha da güclənir. Bu dövrdə ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin xəttilə 20 hərbi zavod açılıb. Nəticədə hərbi sənaye kompleksimiz də möhkəmlənir.  Bunun qarşılığında Ermənistanda bunların heç biri yoxdur. Yalnız xaricdən gələn ianələr, lobbi və diasporanın ayırdığı vəsaitlər, kreditlər hesabına köhnə silahları alırlar.  Bununla da Azərbaycan Ordusunun qarşısında davam gətirməyi düşünürlər, bu qeyri-mümkündür. Aprel döyüşləri də erməni əsgərlərinin Azərbaycan əsgərinin qarşısından necə qaçdığını göstərdi. Azərbaycan heç zaman torpaqlarının işğal faktı ilə barışmayacaq. Ermənistan baş naziri bu fonda papağını qarşısına qoyaraq işğala son qoyulması barədə düşünsün. Əks halda düşməni tamamilə məhv edəcək hərb labüd ola bilər”.

R. SOLTANOV