Koronavirusla mübarizədə hansı müalicə tətbiq olunur?!

20 Mart 2020 09:58 (UTC+04:00)

Hazırda dünyanın əksər ölkələri koronavirusla mübarizəyə cəlb olunub. 175 ölkə bu bəla ilə mübarizə aparır. Bu günə qədər koronavirusa yoluxanların sayı 230 mini keçib. Ancaq görülən tədbirlər sayəsində onların 90 minindən çoxu artıq sağalıb.. Azərbaycanda xəstəliyə yoluxanlar az olsa da, onların da əksəriyyəti sağalıb.

Aydın məsələdir ki, yoxulan xəstələrin əksəriyyətinin sağalması elə-belə baş verməyib. Bunun üçün hansısa müalicə metodları tətbiq olunub ki, virusa yoluxanların mütləq əksəriyyəti sağalaraq yenidən ayağa qalxıb.

Tibb elmləri doktoru Adil Qeybulla koronavirusla mübarizədən qalib çıxan  insanların əksəriyyətinin profilaktik tədbirlər nəticəsində sağaldığını bildirdi: "İnsanlar arasında panika yaradılmasına ehtiyac yoxdur. Əslində, koronavirus hər il özünü göstərir. Sadəcə, koronavirus epidemiyasının tarixi boyu 3 təhlükəli ştam olub, COVİD19 üçüncüdür. COVİD19 pandemiya törədən virusdur, yoluxuculuq qabiliyyəti çoxdur  və uzun müddət davam edir. Xeyli insan bu xəstəliyi ayaq üstə keçirib. Çində aparılan tədqiqatlar göstərir ki, heç kimin xəbəri olmadan uşaqların əksəriyyəti xəstəliyi ayaq üstə keçirib. Əsas ölüm halları daha çox yaşlı şəxslərdə qeydə alınır. Hansılar ki, ağır xəstədirlər, ağ ciyərin bütün baryer funksiyası pozulub, mühafizə resursları tükənib. Belə adamlarda təbii ki, ölüm halları daha çoxdur. Gənclər və orta nəsil arasında ölüm halları isə nadir hallarda olub. O baxımdan panikaya düşmək lazım deyil. Sadəcə olaraq mart və aprel aylarında diqqəti daha da artırmalıyıq.

Operativ Qərargahın verdiyi tövsiyyələr əsasında hərəkət etmək lazımdır. Küçələrə tez-tez çıxmaq olmaz. Əl və üzü tez-tez sabunla yumaq gərəkdir. Əli yumadan ağız və gözə vurmaq olmaz. Yeməkdən qabaq da əllər və yeyilən meyvə-tərəvəz də yaxşı yuyulmalıdır.  İdmanla məşğul olmaq və optimist olmaq lazımdır. Panikaya düşmək olmaz. İnsanlar bu xəstəlik barədə məlumatsız olduğundan panikaya düşür. Koronavirusa qarşı hələlik tətbiq olunmayıb. Ağır xəstələr sadəcə reanimasiya şöbəsində oksigen maskaları, süni ventilyasiya şəraitində müalicə olunublar. Ən yaxşı müalicə vasitəsi profilaktikadır. 90 min insan da əsasən elə profilaktik tədbirlər nəticəsində xəstəlikdən xilas olub".

Kardioloq həkim Rasif Bağırovun fikrincə, koronavirusa tutulub sağalanlar aparılan spesifik müalicə üsulları nəticəsində bu xəstəlikdən yaxa qurtara biliblər: "Adətən, koronavirusa qarşı mübarizədə seçilmiş hansısa bir müalicə metodu yoxdur.  Sadəcə,  sistematik mübarizə aparılır. Bir xəstənin mərkəzi sinir sistemi, bağırsaq sistemi zədələnirsə, tənəffüz yollarında xəstəlik yaranırsa, ona uyğun spesifik müalicə üsulları aparılır.  Həmin müalicə üsulları ilə də xəstə sağalır. Yəni burada problemli məsələ yoxdur. Koronavirusdan ölən xəstələr xroniki ağır xəstəliyi olanlar və yaşlı insanlar olub. Belə ki, virus orqanizmə daxil olanda həmin xroniki xəstəliklər qışcıqlanır və xəstəlik  aktivləşir. Aktivləşəndə də xəstə xəstəliyin öhdəsindən gələ bilmir və həlak olur. Quş və donuz qripilə müqayisədə ümumiyyətlə koronavirusun öldürücü xüsusiyyəti zəifdir. Sadəcə, fərq ondadır ki, koronavirusun yayılma sürəti güclüdür. Ona görə də onunla mübarizə bir qədər çətinlik törədir".

Rüfət NADİROĞLU