Qeyri-neft sektoru iqtisadi böyüməni təmin edir

20 Mart 2020 10:14 (UTC+04:00)

Azərbaycan iqtisadiyyatının böyüməsində qeyri-neft sektorunun rolu artmaqdıdır. İqtisadiyyatın bu sahəsində aparılan islahatların dərinləşdirilməsi, investisiya qoyuluşunun davamlı artması burada yaradılan əlavə dəyərin həcminin artmasına, onun sayəsində ümumilikdə ölkə iqtisadiyyaının böyüməsinə təkan verir. 2020-ci ilin yanvar-fevral aylarının nəticələri göstərir ki, iqtisadiyyatda baş verən böyümə yalnız qeyri-neft sektorunun hesabına təmin edilib. Bu sahədə böyümə sürətinin artması nəinki neft-qaz sahələrindəki geriləməni kompensasiya edib, hətta ümumi iqtisadi inkişafa səbəb olub. 

2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12 milyard 578 milyon manat təşkil edib. Bu dövrdə ötən ilin eyni dövrünə nisbətən neft-qaz sektorunda 2,1 faiz azalma qeydə alınıb. Lakin qeyri neft-qaz sektorunda istehsal 6,7 faiz artdığından ümumən iqtisadiyyat 2,8 faiz böyüyüb.

Bu il qeyri neft-qaz sektorunun bütün alt sahələrində böyümə qeydə alınıb. Ən yüksək böyümə sürəti informasiya və rabitə xidmətləri bölməsində olub. Burada yaradılan əlavə dəyərin həcmi 372 milyon manat olmaqla əvvəlki dövrə nisbətən 21,1 faiz artıb.

Əhaliyə göstərilən pullu xidmətlərdə də böyük artım sürəti qeydə alınıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,414 milyard manat olmaqla 5 faiz artıb.

Qeyri neft-qaz sektorunda ən böyük paya sahib olan sahələrdən biri də ticarətdir. Bu ilin ilk 2 ayında tpərakəndə ticarətin həcmi 5,9 milyard manat olmaqla 3,1 faiz artıma imkan yaradıb. Sadalanan sahələrdən başqa kənd təsərrüfatında 3,6 faiz, yük daşımalarda 4,1 faiz, sərnişin daşınmasında 2,4 faiz artım olub.  

Qeyri neft-qaz sektorunun böyüməsi onun iqtisadiyyatda payının da artmasına kömək eədəcək. Eyni zamanda neft-qazdan kənar sahələrin inkişafı xidmət sektorunun payının bir qədər də yüksəlməsinə şərait yaradacaq. Hazırda ÜDM istehsalının 43,6 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib.

İqtisadiyyatın alta sahələr üzrə götürdükdə ən böyük hissəsi sənayedə formalaşır. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayedə də böyümənin lokomotivi qeyri neft-qaz sektoru olub. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 21,7 faiz artıb. Məhz buradakı artım ümumən sənaye istehsalının artımını təmin edib.

Qeyri neft-qaz sənayesinin böyüməsində sərmay qoyuluşunun böyük rolu var. İki ay ərzində əsas kapitala 1,965 milyard manat sərmayə qoyulub. Əvvəlki ilin eyni dövrünə nisbətən əsas kapitala sərmayə qoyuluşu 12,7 faiz artıb. Qeyri neft-qaz sənayesinə sərmayə qoyuluşunda artım isə 21 faiz təşkil edib.

Qeyri neft-qaz sənayesində istehsalın artması emal bölməsindəki artımla bağlıdır. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, içkilərin istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8 faiz, geyim istehsalı 79,6 faiz, hazır metal məmulatlarının istehsalı 56,5 faiz, mebel istehsalı 47,3 faiz, poliqrafiya məhsullarının istehsalı 40,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 39,6 faiz, kağız və karton istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 27,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 25 faiz, kimya sənayesi məhsullarının istehsalı 19,5 faiz, tütün məmulatlarının istehsalı 16,3 faiz, neft məhsullarının istehsalı 11,3 faiz, əczaçılıq məhsullarının istehsalı 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 1,2 faiz artıb.

Qeyri-neft sektorunun inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcək. 2023-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır. Artıq Azərbaycan iqtisadiyyatının böyük hissəsi qeyri-neft sektorunda formalaşdığına görə bu sahədə əldə ediləcək daha güclü nəticələr hesabına ÜDM artımını sürətləndirmək mümkün olacaq.

Hazırda qeyri-neft sektoru ilə bağlı Azərbaycanın qarşısında dayanan hədəf ixracda və dövlət büdcəsinin gəlirlərində bu sektorun payının artırılmasıdır. Azərbaycanın ixracının 93 faizini neft, təbii qaz və neft məhsulları təşkil edir. Qeyri-neft məhsullarının ixrac payı azdır. Bu sektor üzrə ümumi ixrac həcmi 2019-cu ildə 1,95 milyard dollar təşkil edib. Proqnozlara əsasən 2023-cü ildə də 3,3 milyard dollara, 2025-ci ildə 4,8 milyard dollara yüksələcək. Qeyri-neft sektoru üzrə ixracın artırılması sənaye istehsalının artırılmasından asılı olacaq. Bu məqsədlə ölkəmizdə sənaye parkları, sənaye məhəllələri yaradılır, dövlət buralarda vergi və gömrük güzəştləri tətbiq edir. Dövlətin bu sahəyə dəstəyinin nəticəsidir ki, qeyri-neft sənayesində iqtisadi artım 20 faizdən yüksəkdir.

Dövlət büdcəsinin də neft-qaz sektorundan asılılığının azaldılması, əvəzində qeyri-neft sektorundan daxil olan vergi və digər gəlirlərin artması əsas hədəflərdən biridir. Qlobal enerji qiymətlərinin volatilliyi fonunda iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması hədəflərinə uyğun olaraq, büdcənin qeyri-neft gəlirlərinin artırılması ortamüddətli dövrdə gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaq. Büdcə gəlirlərində qeyri-neft sektorunun payı davamlı artır. 2017-ci ildə büdcə gəlirlərinin 8,63 milyard manatı qeyri-neft sektorundan daxil olmuşdusa, 2020-ci ildə bu göstərici ilk dəfə olaraq 10,6 milyard manatı ötəcək.

Vasif CƏFƏROV