LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

5 İyul 2013 09:00 (UTC+04:00)

İnkişafının intibah dövrünü yaşayan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri mövcud tərəqqinin bütün ölkə üzrə proporsional qaydada paylanması, hər bir bölgəni əhatə etməsidir. Qeyd edilənlər isə təbii olaraq paytaxtla yanaşı, Azərbaycan regionlarının da dinamik inkişafını şərtləndirir. Burada ən vacib nüanslardan biri isə ondan ibarətdir ki, regionların daha sürətli tərəqqisi məqsədilə onların spesifik xüsussiyyətləri mütləq şəkildə nəzərə alınır.

Ümmuiyyətlə, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dövlət tənzimlənməsi və sosial-iqtisadi inkişafın istiqamətləri müəyyən edilərkən regionun xüsusiyyətləri nəzərə alınmaqla təkliflərin verilməsi və onların həyata keçirilməsi artıq ənənə halını alıb. Bunun nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafi üzrə müvafiq proqramların hazırlanması üçün aidiyyəti üzrə təkliflərin verilməsi, proqramların yerinə yetirilməsinin əlaqələndirilməsi, təmin edilməsi prinsipi həmişə rəhbər tutulur. Bununla yanaşı müvafiq dövlət proqramlarında region üzrə müvafiq tədbirlərin icra vəziyyəti ilə bağlı məlumatların toplanılması, onların icrasını yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirilməsi, icrasına nəzarətin (monitorinqin) həyata keçirilməsi və hesabatların hazırlanılması da inkişafın əsas səciyyəvi xüsusiyyətlərindəndir.

Qeyd edilənlər öz növbəsində regionların sosial-iqtisadi inkişafı sahəsində mühüm uğurların əldə olunması ilə nəticələnməkdədir. Ümumiyyətlə, ölkəmizdə uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi çıxış edir. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilib. Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi isə möhtəşəm nəticələrə yol açıb.

Araşdırmalar göstərir ki, regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz modernləşmə və tərəqqi modelinin prioritet konseptlərini təşkil edir. Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.

Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 8 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir.

Regionların inkişafı ilə bağlı birinci proqram tam vaxtında icra olunub, ikinci proqramın icrasından ötən müddət ərzində ölkə üzrə çox əhəmiyyətli işlər görülüb və bütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.

İndi regionlarda müxtəlif şəhər və rayonlara nəzər salmaqla qeyd edilənlərin real təsdiqini görmək olar. "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icra edildyi müddət ərzində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlayıb və 400 minə yaxın yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi daha da aşağı enib. Proqramda nəzərdə tutulmuş işlər üçün əsas kapitala milyardlarla manat vəsait yönəldilib. Təkcə 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilib. Bu il isə əsaslı vəsait qoyuluşlarının 77 faizi və ya 5,3 milyard manat regionlar üçün ayrılıb. Proqram çərçivəsində respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib və ya təmir olunub, yeni körpülər və tunellər inşa edilib, rayonlardaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılıb.

Təkcə ötən il 18 layihə üzrə işlərə başlanılıb və cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq ki, bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına start verilib. İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda yeni ATS-lər, poçt şöbələri istifadəyə verilib, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb və hazırda əhalinin 70 faizi internet istifadəçisidir.

Ölkə başçısının Azərbaycanın hərtərəfli tərəqqisinə, ən müasir texnologiyalara əsaslanan sahələrin yaradılmasına yönəlmiş siyasətinizin məntiqi nəticəsidir ki, bu il ölkəmizin ilk peyki orbitə çıxarıldı. Bu tarixi nailiyyət, nəinki İKT sahəsinin, eləcə də ümumilikdə iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfədir. Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması, sözsüz ki, aparılan işlərin daha da genişlənməsinə və sahənin inkişafının sürətlənməsinə təkan verir. Əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilir. Regionlarda çoxsaylı məktəb, bağça, səhiyyə, idman və mədəniyyət obyektləri tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə təkcə ötən ildə Sumqayıt, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda, Zabrat və Hövsan qəsəbələrində yeni yaşayış binaları, Goranboy rayonunda 525, Şəkidə 423, Müşfiqabad qəsəbəsində isə 1440 ailə üçün salınmış məhəllələr istifadəyə verilib. ASAN xidmətin fəaliyyətə başlaması vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artırır və əhalinin gündəlik həyatını rahatlaşdırır.

Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında, əvvəlki illərdə olduğu kimi, mühüm rolu var. Fond tərəfindən həyata keçirilən layihələr insanların sosial durumunun yaxşılaşmasında xüsusi önəm kəsb edir. Dövlət başçısının müəyyən etdiyi sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilib, yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir. İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasət, bu çərçivədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini verir, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olur. Digər sferalar üzrə də regionlarda dinamik tərəqqi qeydə alınır, onların iqtisadi potensialı daha möhkəm özüllər üzərində qurulur.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.