“Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasında 13,6 mindən çox iştirakçı qeydə alınıb

8 İyul 2013 12:06 (UTC+04:00)

İyulun 8-nə olan vəziyyətə "Mən Azərbaycanlıyam" onlayn bilik yarışmasında 13 645 iştirakçı qeydə alınıb və onların sayı sürətlə artır.

 

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 01 iyun 2013-ci il tarixindən internet məkanda "Mən Azərbaycanlıyam" onlayn bilik yarışması təşkil olunub.  

 

Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışmada www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə iştirak etmək mümkündür.

 

Yarışın şərtlərinə uyğun olaraq hər iki ongünlüklərin 10 qalibi netbuk tipli kompüterlərə, ilk yüzlüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara –  Azerfon və Bakcell şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olurlar.

 

Ay ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfərə iPhone və iPad, superfinalçılara pul mükafatları verilir.

 

Super finalın qalibi əgər İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə onun üçün RİTN-də yaradılmış İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı ödənilə bilər.

 

Super final 2013-cü il dekabr ayının birinci həftəsində keçiriləcək və bütün iştirakçılar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən olunmuş məkanda toplanaraq öz aralarında yarışmaqla 3 qalib müəyyən olunacaq.