Karantinlə bağlı NÖVBƏTİ QƏRAR

1 Aprel 2020 19:32 (UTC+04:00)

İtaliyada 10 martdan bəri tətbiq edilən ciddi karantin tədbirlərinin müddəti uzadılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Roberto Speranza bildirib.

Onun sözlərinə görə, ölkə 13 aprelə qədər ciddi karantin tədbirlərində qalacaq.

“Hökumətin qərarı fərdi fəaliyyətləri və yerdəyişmələrə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirləri 13 aprelə qədər uzatmağı təsdiqləməkdir. Burada səhvə yol vermək və ya vaxtı önə çəkmək bu günə qədər sərf edilən cəhdləri risk altında qoyar. Millət olaraq yenidən ayağa qalxmaq üçün səhiyyə sisteminə sərmayə qoymaq lazımdır”, - nazir Senatdakı çıxışında bildirib.

Qeyd edək ki, İtaliyanın Baş naziri Cüzeppe Konte 9 martda imzaladığı qərarla ölkəni “qırmızı bölgə” elan etmiş, sərbəst hərəkəti və vacib ehtiyaclardan başqa küçəyə çıxmağı qadağan etmişdi. 11 martdakı qərarla isə market və apteklərdən başqa bütün ticarət fəaliyyətlərinin dayandırılması əmrini vermişdi.

Bu arada, İtaliya Konstitusiya Məhkəməsinin sədri Marta Kartabia da koronavirusa yoluxub.

İtaliyada ümumilikdə 105 min 792 nəfər COVID-19-dan əziyyət çəkir.