Bakıdakı Dünya Kuboku təxirə salına bilər

6 Aprel 2020 11:04 (UTC+04:00)

Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku təxirə salına bilər. 

Bu barədə "Report"a Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti və stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov açıqlama verib. 

O, hələ ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasından (ISSF) rəsmi məlumatın gəlmədiyini bildirib: "Hazırda heç bir ölkə yarış keçirmir. Ola bilsin ki, biz də vaxtını dəyişdirək. Biz Dünya Kubokunu təşkil etməyə hazırıq, Atıcılıq Kompleksində hazırlıqla bağlı böyük iş gedir. Lakin hazırda camaat evdən çıxa bilmir. Dünya Kubokunun təxirə salınma ehtimalı da var".

Cəfərov bildirib ki, dövlət hansı tapşırığı versə, ona da əməl edəcəklər: "Belə olacağı təqdirdə, yarışın vaxtını dəyişdirəcəyik". 

Qeyd edək ki, Bakıdakı Dünya Kubokunun 22 iyun - 3 iyulda keçirilməsi nəzərdə tutulub.