Koronavirus Ermənistanın axırına çıxır

7 Aprel 2020 07:21 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır. Artıq aprelin 6-da ölkənin baş naziri Nikol Paşinyan bildirib ki, yoluxanların sayı 833-ə çatıb. Ölkənin əsas simasının dediyinə görə son sutkada pasiyentlərin sayı daha 11 nəfər artıb. Hökumət başçısı deyib ki, 24 saatda pandemiyaya yoluxmuş 68 yaşlı pasiyent ölüb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 8-ə çatıb.

Ermənistanın səhiyyə naziri Arsen Torosyan özünün facebook səhifəsində virusun yayılması üzrə qrafik dərc edib və göstərib ki, koronavirus hadisələrinin ikiqat artım sürəti qalmaqdadır.

Onun qrafikinə görə aprelin 7-də virusli xəstələrin sayı 100-ə, bir həftə sonra, aprelin 14-də isə 2000 nəfərə çatacaq. Növbəti yeddi gündə isə 4000 və daha bir həftə sonra 8000 yoluxan olacaq.

Martın 16-dan aprelin 14-dək Ermənistanda koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejimi fəaliyyət göstərir. Fövqəladə vəziyyət şəraitində Ermənistanda sərbəst hərəkət və bəzi iqtisadi fəaliyyət növlərinə məhdudiyyətlər (əvvəllər martın 24-dən 31-dək olan müddət üçün tətbiq edilmiş) 12 aprel tarixinə qədər uzadılıb.

Məsələ burasındadır ki, Ermənistan səhiyyəsi pandemiyaya çevrilmiş koronavirusla mübarizəyə hazır deyil. Çünki virusa yoluxanların sayı sürətlə artır və xəstə qəfil, əzablar içərisində həyatını itirir. Buna görə də mütləq reanimasiya palataları, çarpayıların sayı yetərincə omur. Yəni virusun yayılma sürəti ilə çarpayıların sayı tərs mütənasibdir.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da sosial şəbəkə hesabında koronavirusun sürətlə yayılması ilə bağlı bir yazı yerləşdirib. O yazır: “Ermənistanda K (coronavirus-red.) sürətlə yayılır. NP-nin (Nikol Pashinyanın-red.) prosesə heç bir şəkildə təsir göstərə bilmədiyi artıq aydındır. Hər şey taleyin umuduna qalıb. Nə qədər yayılır, yayılsın. Epidemiyadır də, bir gün zirvəsinə çatacaq və sonra geri çəkiləcək. Bəlkə yayın qızmar günəşi kömək edə və ya bəlkə də ağcaqanad və milçəklər vəziyyəti daha da ağırlaşdıracaqlar. Mənim təqdim etdiyim zəmanətlər qulaqardına vurulur. Problem ondadır ki, bu zəmanətləri həyata keçirmək üçün müəyyən qabiliyyət tələb olunur. İndiki hökumətdə isə bunlar yoxdur”.

Keçmiş baş nazir mübarizənin adi klassik ssenarisini təklif etdiyini qeyd edir: yaşayış məntəqələrində və bir sıra istehsal sektorlarında karantin tətbiq etmək. Yaşayış sahələrində handan-hana gecikmə ilə yalnız Sarensavanda karantin tətbiq olunub, ölkənin ən böyük şəhəri İrəvana isə diqqət yetirilməyib. Bu səbəbdən paytaxtda virusun yayılma sürəti gündən-günə artır.

Erməni məmurlar istehsalın dayandırılması barədə eşitmək belə istəmirlər. Çünki birincisi, cibləri boşalar, ikincisi də, axı, işləməyən əhalinin ərzaq təminatı problemi var. Amma koronavirusu bu problemlər maraqlandırmır, insanların yoluxması isə davam edir.

Mütəxəssislərin fikrincə, əslində əksər istehsal müəssisələri dərhal bağlanmalı, dezinfeksiya olunmalı və sonradan işə davam etməlidir. Halbuki, heç ərzaq mağazalarında belə dezinfeksiya işləri formal aparılır. İnsanların əllərini silmək üçün adi spirt məhsulu tapılmır.

Baqratyanın sözlərinə görə, İrəvan biabırçı vəziyyətdədir. Küçələr yuyulmur, səkilər, binaların girişləri və liftlər dezinfeksiya olunmur. Paytaxt meri Ayk Marutyan əsil dezertir kimi komandası ilə birlikdə aradan çıxıb. İtaliyanın Milan şəhərinə təyyarə reyslərini vaxtında ləğv etmədiyinə görə virusun ölkə boyu yayılmasına səbəb olmuş Tatevik Revazyan adlı səlahiyyətli qadın da yoxa çıxıb, görünmür. Bu bəlalar fonunda nə prezident, nə də baş nazir gözə görünür, xəstələrə baş çəkir. Nikol Paşinyan əsas ağırlığı komendantlara həvalə edib, özü isə kabinetindən kənara çıxmır.

Göründüyü kimi, Ermənistanda xalqın narazılığı günü-gündən artır və xüsusilə, bütün dünyanın mübarizə apardığı bir dövrdə bu ölkədə hakimiyyətsizlik vəziyyəti daha da pisləşdirir. İş burasındadır ki, Ermənistanın maliyyə resursları yox səviyyəsindədir. Virusdan qorunmaq isə külli miqdarda vəsait tələb edir. Bu səbəbdən Ermənistan hökuməti koronavirusun əlində aciz qalıb və nə edəcəyini, necə edəcəyini hələ ki, bilmir.

N.NOVRUZ