Moskva yenə Qarabağ danışıqlarında əsas vasitəçiyə çevrilir

12 May 2012 09:23 (UTC+04:00)

Yaxın tezlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçirilə bilər. Bu görüşün əsas vasitəçisi qismində isə Rusiyada yenidən hakimiyyət başına gəlmiş Vladimir Putin olacaq.

Qeyd edək ki, növbəti həftə Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri nəzərdə tutulur. Səfərdə əsas məqsəd mayın 15-də Moskvada keçirilməsi planlaşdırılan MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etməkdir. Sammitdə dövlət başçıları MDB məkanında əməkdaşlığın əsas aspektlərini müzakirə edəcəklər. Məlumatda bildirilir ki, Azərbaycan prezidenti də sammitdə iştirakla bağlı dəvətə müsbət cavab verib. Eləcə də Ermənistan prezidenti tədbirdə iştirak üçün Moskvaya yollanacaq. Burada isə Putinin vasitəçiliyi ilə prezidentlərin görüş istisna olunmur.

Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti vəzifəsinin icrasına başlayan Vladimir Putin "Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsi üzrə tədbirlər barədə" fərman imzalayıb. Burada Putin digər dövlətlərlə - ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə və Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa Respublikasının prezidentlərinin 2009-2011-ci illərdə verdikləri birgə bəyanatdakı prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərə davam etməyi tapşırıb.

İndi görünən odur ki, Moskva əvvəlki kimi Qarabağ münaqişəsinin tənzimlənməsində əsas vasitəçi statusunu daşımaqda israrlıdır. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin də açıqlmaları bunu təsdiq edir: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan mövqeyimizi bir daha təsdiqləyirik". Səfir Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik fəaliyyətini davam etdirmək niyyətini bir daha vurğulayıb. Azərbaycan üçün isə maraq doğuran əsas məsələ ondan ibarətdir ki, Ermənistan üzərində böyük təsir gücünə malik Rusiya, həmçinin ümumilikdə dünya birliyi münaqişənin həlli üçün İrəvana ciddi təzyiq göstərsin.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov da bildirir ki, dünya birliyi Ermənistana ciddi təzyiq göstərməlidir və beynəlxalq gücləri hərəkətə gətirərək Azərbaycanın erməni işğalı altında olan torpaqlarını azad etməlidir: "Əks halda Azərbaycan alternativ olaraq gücü hesabına işğal altında qalan torpaqlarını azad etməyə məcbur olacaq".

O söyləyib ki, Azərbaycan qan tökülməsinin və müharibənin tərəfdarı deyil: "Amma Azərbaycanın müharibənin tərəfdarı olmamasının alternativi bu işğalın davam etdirilməsi ola bilməz. Azərbaycan Qarabağ münaqişəsinin dinc və ədalətli yolla həllinin tərəfdarıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar erməniləri işğalçı kimi tanıyırlar. Azərbaycanın erməni işğalına məruz qalması faktı birmənalı olaraq qəbul olunur. Erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması ilə əlaqədar beynəlxaq təşkilatların müvafiq qətnamələri və qərarları var". Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan diplomatik sferada Ermənistan üzərində qazandığı qələbələr düşmən ölkədə ciddi narahatlıq doğurmaqdadır. Bu barədə danışmazdan öncə bildirək ki, bu günlərdə Qoşulmama Hərəkatı BMT-nin 4 qətnaməsində əksini tapmış beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yekdilliklə dəstək verib. Təşkilatın Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində iclasında qəbul edilən yekun sənəddə Dağlıq Qarabağ münaqişəsinə dair bənd yer alıb. Nazirlərin qəbul etdiyi yekun sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi bir daha təsdiqlənir. Bildirilir ki, münaqişə bütün regionda təhlükəsizlik və sabitliyə təhlükə yaradır. Qoşulmama hərəkatına üzv ölkələr münaqişənin 3 prinsip əsasında - danışıqlar yolu, ərazi bütövlüyü və sərhəd toxunulmazlığına əməl olunmaqla və güc tətbiq edilmədən həll olunmasının tərəfdarıdır. BMT-yə üzv ölkələrin təmsil olunduğu qoşulmama hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi təşkilatda müşahidəçi qismində təmsil olunan işğalçı Ermənistanı qıcıqlandırıb. Ölkənin xarici işlər naziri Edvard Nalbandyan işğal siyasətinin pislənməsindən narahatlığını ifadə edib. Bildirib ki, rəsmi Bakı qoşulmama hərəkatına üzv dövlətlərin fikrini yayındırmağa çalışır. Nalbandyan hətta Azərbaycanı sülh danışıqlarının əsas prinsiplərini pozmaqda ittiham edib. Yeganə monoetnik ölkə olan Ermənistanın xarici işlər naziri Azərbaycanı ermənilərə qarşı etnik müharibə aparmaqda ittiham etməkdən də çəkinməyib. Ekspertlər təcavüzkar ölkənin narahatlığını rəsmi Bakının hücum diplomatiyası ilə izah edirlər. Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin qəbul etdiyi sənəd Azərbaycanın artan gücü və beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilir.

Əsgər CAVADOV