Tibbi maska daha qəhətə çəkilməyəcək

8 Aprel 2020 10:31 (UTC+04:00)

Azərbaycan aprelin 6-dan tibbi maska istehsalına başlayıb. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayan müəssisədə birinci məhrələdə hər gün 120 min ədəd, ikinci mərhələdə 200-250 min ədəd tibbi maska istehsal olunacaq. Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar tibbi maskaya tələb kəskin artıb. Hazırda gün ərzində 200 mindən artıq tibbi maska alınır. Bu müəssisənin işə salınması daxili istehsal hesabına tibbi maskaya olan tələbi önəmli dərəcədə təmin ediləcək.

Tibbi maska istehsalına başlanılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı sosial əhəmiyyəti də böyükdür. Xüsusən indiki dövrdə bu müəssisənin dəyəri daha əhəmiyyətlidir. Epidemoloqlar deyir ki, koronavirusdan qorunmağın ən əlverişli yolu insanların təcrid olunmasıdır. Bu zərurətdən irəli gələrək əksər ölkələr, o cümlədən Azərbaycan da xüsusi karantin rejimini tətbiq edib. Karantin rejimi şəraitində insanların əksəriyyəti günlərinin çox hissəsini evlərində, qapalı yerlərdə keçirirlər. Lakin işləməyə məcbur olan, həyatı əhəmiyyətli yerlərdə çalışan insanlar var ki, onlar hökmən çölə çıxmalı, digər insanlarla təmasda olmalıdır. Eyni zamanda evdə qalan insanların da gündəlik ehtiyaclarının ödənilməsi üçün qısa müddətə evdən kənara çıxmağa icazə verilir.

Evdən kənara çıxan insanların virusdan qorunması üçün tibbi maskadan istifadə etmələri vacibdir. Düzdür, koronavirus epidemiyası yeni yayılanda bəzi həkimlər maskadan istifadə etməyin zəruri olmadığını deyirdilər. Onlar hesab edirdi ki, maskanı yalnız virusa yoluxan, xəstələnən şəxslər taxmalıdır. Lakin təcrübə göstərdi ki, virusa yoluxan şəxs xəstələndiyini ən tezi 5 gündən sonra hiss etdiyinə görə, o, bu müddətdə təmasda olduğu çoxlu sayda insana virus yoluxdura bilər.

Koronavirusun bu xüsusiyyətini nəzərə alaraq bir çox ölkələr əhalidən evdən kənara çıxan zaman tibbi maskalardan istifadə etməyi israrla tövsiyə edir. ABŞ, Türkiyə, Çin, Çexiya və digər ölkələr bununla bağlı məcburiedici qərarlar qəbul edib. Azərbaycanda da tibbi maskalardan istifadənin vacib olması ilə bağlı davamlı xəbərdarlıqlar olunur. Lakin təəssüflər olsun ki, ölkəmizdə tibbi maska istehsalı olmadığından bununla bağlı tələbləri icra etmək obyektiv səbəblərdən mümkün deyildi. Yaranmış vəziyyətdə hər gün xaricdən böyük sayda tibbi maska idxal edilməliydi. Pandemiyanın  yayılması ilə əlaqədar dünyada tibbi maskaya tələb dəfələrlə artdığına görə bu məhsuldan lazımı qədər tapmaq mümkün deyildi. Hətta bəzi istehsalçı ölkələr daxili tələbin kəskin artmasını nəzərə alaraq tibbi maska ixracına qadağa qoydu.

Ölkəmizdə tibbi maska çatışmazlığı tibbi maskadan istifadə səviyyəsini pisləşdirirdi. Aprelin 6-da istifadəyə verilən müəssisənin əhəmiyyəti məhz tibbi maska ilə təminatın yaxşılaşmasına kömək etməsi olacaq. Tibbi maska istehsalı Azərbaycanın bu sahədə idxaldan tam asılılığını aradan qaldırmaqla bərabər, həm də koronavirusla mübarizəyə mühüm töhfə olacaq.

Yeni yaradılan müəssisə “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılıb və müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək. Bu müəssisənin iqtisadi səmərəliliyinin artırılması üçün o, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılıb və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir.

 

Vasif CƏFƏROV