Kapitalın və əmlakın amnistiyası investisiya qoyuluşunu artıracaq

9 Aprel 2020 09:53 (UTC+04:00)

Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir. Bu barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. O qeyd edib ki, burada məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir.

V.Qasımlının verdiyi məlumata görə, əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Onun fikrincə, Prezident İlham Əliyevin təsdiq etdiyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi. “Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin uğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündür”, - deyən V.Qasımlı Rusiyada 2015-ci ildən başlayaraq elan edilən iki amnistiya çərçivəsində 10 milyard avro vəsaitin deklarasiya edildiyini, bu ilin martında bitən üçüncü amnistiyanın nəticələri isə hələ açıqlanmadığını söylədi.

V.Qasımlının fikrincə, amnistiya nəticəsində leqallaşan kapital ölkədə investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər: “Bunun üçün amnistiyanın forması, şərtləri, müddəti, məqsədləri, əhatəsi müəyyənləşdirilməli və ən əsası qarşılıqlı etimad mühiti təmin olunmalıdır. Kapital və gəlir amnistiyası elə həyata keçirilməldir ki, deklarasiya olunan vəsaitin həm də sərmayə kimi yatırılması imkanları olsun. Məsələn, deklarasiya olunan kapitalın hazırda tikintiyə istiqamətlənməsi daha çox multiplikativ effekt yaratmaq gücündədir.

Deklarasiya olunan vəsaitlər banklar, investisiya fondları, marketmeyker institutları, investisiya şirkətləri, fond birjası, finteklər, investisiya bankları, sənaye parkları, aqroparklar, texnoparklar və başqa vasitələrlə real iqtisadiyyata yönlədirilə bilər”.

İqtisadçı alim, keçmiş millət vəkili Əli Əlirzayev hesab edir ki, belə bir layihənin olması əhəmiyyətlidir. Ə.Əlirzayev xatırlatdı ki, kapital və əmlak amnistiyasının verilməsi məsələsi bir neçə dəfə səsləndirilib. O millət vəkili olduğu dövrdə belə bir təklif verdiyini bildirdi. “Bunu ilk dəfə mən, millət vəkili olanda irəli sürmüşəm. Təklifin yaranmasını zəruri edən məsələ qeyri-leqal yolla kapital və əmlak yığımının həcminin böyük olmasıdır”, - söyləyən iqtisadçı alim bu təklifin qəbulunun Azəbaycan iqtisadiyyatının investisiya imkanlarının artırılması üçün böyük fayda yaradacağını düşünür: “Bu təklifin mahiyyəti ondan ibarətdir ki, cinayət yolu ilə əldə edilən vəsaitlər istisna olmaqla, digər vəsaitlərin faktiki sahibinə onun hüquqi sahibi olmaq imkanı yaradılır. Sadəcə, bunun üçün əmlakın əsl sahibinin həmin şəxs olması əsaslandırılmalıdır.

Hazırda ölkədaxilində olan vəsaitlərin həqiqi sahibləri ilə hüquqi sahibləri fərqlənir. Böyük maliyyə vəsaitləri olan insanlar başqalarının adına müxtəlif əmlaklar alır, sərmayələr qoyur. Amnistiya bu kimi məsələləri həll edəcək. Eyni zamanda ölkədaxilində böyük maliyyə vəsaiti olub, onu istifadə edə bilməyən insanlar var. Həmin insanlara vəsaitin mənbəyini göstərmədən leqallaşdırmaq imkanı verilməlidir.

Belə bir amnistiya ölkə xaricində olan böyük həcmdə vəsaitlərin də Azərbaycan iqtisadiyyatına gəlişinə stimul verə bilər. Amnistiya həmin vəsaitlərə bəraət verir, onun sahibinə vəsaitin hardan əldə edilməsi, necə əldə edilməsi haqqında hər hansı sorğu-sual edilmədən istifadəsinə, iqtisadiyyata sərmayə qoyulmasına imkan yaradır. Bununla ölkəmizdə yeni investisiya imkanları, iş yerləri yaranacaq”.

Ə.Əlirzayev qeyd etdi ki, amnistiya olarsa, bu, gizli iqtisadiyyatın da həcminin azalmasına kömək edəcək: “2019-cu ildən gizli iqtisadiyyatın həcminin azaldılması istiqamətində ciddi tədbirlər görülür. Bu tədbirlər inzibati və iqtisadi həvəsləndirmə tədbirlərindən ibarətdir. Amnistiya iqtisadi həvəsləndirməni gücləndirə bilər. Əslində, gizli iqtisadiyyat özü də iqtisadiyyatın bir hissəsidir. O tələb yaradır, insanlar burada çalışıb gəlir əldə edir, əmək haqqı alır. Çoxlu sayda ailə gizli iqtisadiyyatdan əldə etdiyi gəlirlər hesabına yaşayır. Lakin gizli iqtisadiyyatın üzə çıxarılması, leqallaşdırılması iqtisadi dövriyyəni artırır, dövlətin vergi gəlirlərinin artmasına şərait yaradır və bu da ölkənin iqtisadi imkanlarını artırır, düzgün iqtisadi siyasətin formalaşmasına kömək edir.

İqtisadiyyatın şəffaflaşması sosial ədaləti də təmin edir, eyni zamanda iqtisadi subyektlər arasında ədalətli rəqabətə imkan yaradır”.

İqtisadçı alim onu da söylədi ki, amnistiya olandan sonra gəlirlərin deklarasiyası məsələsinə də diqqət artırılmalıdır. O dedi ki, bununla bağlı qanun var, amma qanunun tələbləri həyata keçirilməyib: “Qanuna görə bütün gəlirlərin deklarasiyası olmalıdır ki, yenidən gizli gəlirlər baş verməsin”.

 

Vasif CƏFƏROV