Azərbaycan tibbi maskanın ixracına start verə bilər

9 Aprel 2020 10:09 (UTC+04:00)

Sumqayıtda fəaliyyətə başlayan tibb maska istehsalı müəssisəsinin məhsulları gələn həftədən satışa çıxarılacaq. Bu müəssisənin hesabına Azərbaycanın idxaldan asılılığına son qoyulacaq və ölkəmiz özünü maska ilə tam təmin edəcək. Burada sadəcə tibbi maska istehsal edilməyəcək. Müəssisədə tibbi spirt və dezinfeksiya vasitələri də istehsal olunacaq. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır.

Müəssisədə ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə tutulur. Sonrakı dövrdə isə müəssisənin məhsulları hesabına daxili tələbatın 60-80 faizi ödəniləcək.

Koronavirus pandemiyasının yayılması Azərbaycanda bu məhsullara tələbi dəfərlərlə artırıb. Əvvəllər hər gün 10-20 min tibbi maska satılırdısa, hazırda satış sayı 200-250 min ədəd səviyəsindədir. Bazarda tibbi maskaya tələb daha böyükdür. Lakin satışa çıxarılan məhsulların sayı az olduğuna görə tələbi tam ödəmək mümkün deyil. İlkin qiymətləndirməyə görə pandemiya ilə əlaqədar tibbi maskaya gündəlik real tələb 350-400 min səviyyəsində qiymətləndirilir.

Yeni müəssisə pandemiya dövründə tibbi maskaya olan tələbatı tam ödəyə bilməsə də idxaldan asılılığın xeyli azalmasına kömək edəcək.

Pandemiya Azərbaycanla bərabər dünyada da tibbi maska və dezinfeksiya vasitələrinə tələbi bir neçə dəfə artırıb. ABŞ kimi sənaye cəhətdən ən yüksək inkişaf mərhələsinə çatan ölkə yerli istehsal hesabına daxili tələbatı təmin edə bilmir. Bu faktın özü dünyada maska və dezinfeksiya vasitələrinə tələbin çox böyük olduğunu təsdiq edir.

Dünyada tibbi maskaya və dizinfeksiya vasitələrinə tələb hələ 1-1,5 il yüksək olacaq. Xarici ekspertlərin qiymətləndirmələri göstərir ki, koronavirusun yeni növünə qarşı peyvənd ən tezi 2021-ci ilin 2-ci rübündə istifadəyə veriləcək. Bu vaxta qədər ölkələr insanları davamlı karantində saxlaya bilməz. Uzunmüddətli karantin iqtisadiyyatların dərin tənəzzülə düşməsinə, əhalinin yoxsullaşmasına gətirib çıxarar. Buna görə də müəyyən dövrdən sonra virusun yayılması azalan kimi karantin tədbirləri yumşaldılacaq. Bu dövrdə virusun yayılma arealının məhdudlaşdırılması üşün insanlar hökmən qoruyucu vasitələrdən istifadə etməlidir.

Əsas qoruyucu vasitə kimi tibbi maskalar və dezinfeksiya vasitələri tövsiyə olunur. Artıq bir neçə ölkədə evdən çıxan zaman tibbi maskadan istifadə etmək icbaridir və bu qərar peyvən tapılana qədər qüvvədə qalacaq.

Uzun müddət tibbi maskaya və dezinfeksiya vasitələrinə tələbin böyük olması onun istehsalının artırılmasını zəruri edir. Buna görə də Azərbaycanda tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı artırmalıdır. Azərbaycan yerli istehsalı artırmaqla həmin məhsulların ixracına da nail ola bilər. İndiki dövrdə bu cür vasitələrin satışı problemi yoxdur, xarici bazarlarda rəqabət hiss edilmir. Çünki tələb təklifdən böyükdür. Bu imkandan faydalanmaqla Azərbaycan daha çox məhsul istehsal edib xarici bazarlara çıxmalıdır. Əgər ölkəmizdə istehsal edilən məhsullar xarici bazarlarda alıcı taparsa, bu, milli markaların tanınmasına da kömək edəcək. Milli markanın tanınması isə Azərbaycana imkan verəcək ki, peyvəndin tapılmasından sonra tibbi maska və dizenfeksiya məhsullarına tələb azaldıqda da ixracı davam etdirə bilsin.  

Onu da nəzərə alaq ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsalında istifadə edilən xammal ölkəmizdə istehsal edilir. Bu amil də Azərbaycan məhsullarının xarici bazarlarda rəqabətinin artırılmasına şərait yaradır.

Qeyd edək ki, artıq İsmayıllı rayonunda da tibbi maska istehsalına başlanılıb. Rayonda gündə 15 min maska istehsal olunur. Maska istehsalı, 2013-ci ildə istifadəyə verilən İsmayıllı Tikiş Fabrikində həyata keçirilir.

Fabrikdə maska istehsalı aprelin 4-dən, Rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə başlayıb və müəssisə gücləndirilmiş iş rejimində növbə ilə gündə 10 saat işləyir. Tikiş prosesinə 50-ə yaxın işçi quvvəsi cəlb olunub.

İstehsal prosesində istifadə olunan parçanın tərkibi 100 faiz pambıqdan ibarətdir və sterilizəyə davamlı olduğuna görə, tibdə istifadəyə tam yararlıdır. Maskalar sterilizə olunduqdan sonra rayonun apteklərinə paylanılır. Həmçinin, yaşıllaşdırma, təmizlik, kommunal xidmətlər sahələrində çalışan və aztəminatlı təbəqənin digər üzvlərinə təmənnasız təqdim olunur.

 

Vasif CƏFƏROV