Qaz məsələsində Rusiya yenə Ermənistanı küncə sıxır

10 Aprel 2020 09:33 (UTC+04:00)

 

Bir müddət əvvəl “Qazprom”un Ermənistana satılan qazın qiymətinin qaldırılacağı barədə verdiyi bəyanat erməni cəmiyyətində ən çox müzakirə olunan məsələdir. Belə ki, indiki qiymətlər onsuz da bu ölkənin əhalisi üçün ciddi problemlər yaradır. O ki qaldı qiymətin artması ola. Hazırkı böhran şəraitində bu addım sadəcə olaraq təkcə əhalinin yox, həm də hakimiyyətin belini qırar.

Lakin belə məsələlərdə müzakirələrlə nəyəsə nail olmaq mümkün deyil. Konkret addımlar atılmalıdır. Bu isə yoxdur. Yəni, Rusiya tərəfi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın qiymət məsələsini müzakirə etmək cəhdləri bir neçə dəfə uğursuzluqla nəticələınib. Situasiyanı qəlizləşdirən həm də odur ki, Moskva primitiv üsulla İrəvanın şikayətlərini dinləmək istəmir. Paşinyanı isə “müvəqqəti işlər vəkili” kimi Rusiya prezidentinə yaxın buraxmırlar ki, dərdini deyə bilsin. Olsa-olsa o, yalnız Rusiyanın baş naziri Mişustinə zəng edə bilir ki, bunun da heç bir nəticəsiz olmur. Çünki strateji məhsulların satışı prezident Vladimir Putinin kurasiyasındadır.

İndi koronavirusun tüğyan etdiyi dövrdə ağır duruma düşən və xəstəliyin qarşısını almaqda aciz qalan Ermənistan hökumətinin başçısı virusla əlaqədar yardım üçün Kreml sahibinə yalvarmaq imkanından yararlanaraq qaz problemini də müzakirə etmək eşqinə düşüb. Bu barədə Paşinyan əhali ilə facebook səhifəsində birbaşa əlaqə zamanı məlumat verib. Düzdür, o, hansı nəticəyə gəlinməsi, Putinin ona nə cavab verməsi barədə açıq bir söz söyləməyib. Görünür ki, bunun da səbəbi cavabın yaxşı heç nə deməməsinə görədir. Amma bütün hallarda Ermənistan baş nazirinin nəhayət ki, Rusiya lideri ilə telefon danışığına Kremldən icazə verilməsi “şahın çulucırıq kəndliyə salam verməsi” qədər erməni cəmiyyətində sevinc və ümid doğurub. Lakin bu sadə vətəndaşların gözündə illüziya yaratmaq üçün Paşinyanın istifadə etdiyi ənənəvi tryukdur. Həqiqətdə isə, erməni politoloqlar, ekspertlər bildirirlər ki, Moskva əvvəlki kimi “qaz problemini” qəbul etmir, bunu “qaz məsələsi” kimi dəyərləndirir və çətin ki, bu işdə geriyə addım atsın.

Siyasi ekspert Sarqis Arsruni “1in.am” saytında yazır ki, Moskva qaz əhvalatını özünün “müttəfiqinə” vacib bir siyasi jest kimi təqdim edir: “Şübhəsiz ki, Paşinyanla Putin arasında telefon danışığı faktı müsbət amildir, çünki son həftələrdə belə görünürdü ki, Moskvanın erməni tərəfi ilə təmasları yalnız baş nazir Mişustinlə baş tutan daqnışıqlarla məhdudlaşdırılır və bu, əlbəttə ki, Ermənistan-Rusiya münasibətlərinə maneçilik törədir. Yeri gəlmişkən, bu hal son günlər ekspert dairələrimizdə də fəal şəkildə müzakirə edildi və hətta bəzi fərziyyələrə məruz qaldı. Eyni zamanda, ən azı, eyni telefon danışığı ilə əlaqədar İrəvan və Moskvanın rəsmi mesajlarındakı vurğuların ciddi şəkildə fərqlənməsi ciddi narahatlıq yaradır. Rəsmi rus mesajında təqdim qaz barədə bir kəlmə də yoxdur”.

Bu fikirlərin sətiraltı mənası budur ki, Paşinyan növbəti dəfə erməniləri aldatmağa çalışıb. Yəni, elə manera göstərib ki, sanki onun Putinlə danışması artıq hər şeyin həll olunması deməkdir. Lakin o, bunu deməyib ki, telefon danışığı erməni tərəfinin dəfələrlə etdiyi cəhdlərdən sonra baş tutub və buna səbəb də koronavirusa qarşı mübarizə tədbirləri olub. Qazın qiyməti məsələsində isə Ermənistan baş naziri sadəcə qiymətlərin aşağı salınması barədə hürkək təklif irəli sürüb və göründüyü kimi, Putin bu məsələnin üstündən sükutla keçib. Əks halda, baş nazirin “gurultusu” ildırımdan yaranan “şaqqıltını” ötüb keçərdi.

“Bu gün biz bu məsələni Rusiya Prezidenti ilə müzakirə etdik. Dedim ki, həm bəşəri, həm də iqtisadi böhran vəziyyətini nəzərə alsaq, Rusiya Prezidenti ilə ortaq məxrəcə gəlmək üçün bu məsələni müzakirə edə biləcəyimizi düşünürəm”, deyə Paşinyan ermənilərə bildirib. Onun bu dərəcədə qorxaq və cəsarətsiz davranışını isə cəmiyyət belə qəbul edib: “Beləliklə, qaz tarifi məsələsi kölgədə qalmaqda davam edir və hətta Nikol Paşinyan özü də canlı yayımda da bu məsələnin həllinə qətiyyən əmin deyildi”.

Kremlin bu cür davranışı Ermənistandakı hakimiyyətin əsas ağasının gözündən düşməsinə açıq nümunədir. Səbəb də ermənilərin forpostluq missiyasını pozmaq istəməsidir. Kreml ona bu missiyadan artıq səlahiyyəti heç vaxt verməyəcək. Əvəzində isə ölkə və onun vətəndaşları sədəqədən başqa heç nəyə ümid edə bilməyəcəklər.

N.NOVRUZ