Elektron imza vasitəsilə “online” ödənişlər etmək reallaşdı
10 İyul 2013 13:24 (UTC+04:00)
Məkan və zaman anlayışını ortadan qaldıraraq
məhdudiyyətsiz istifadə imkanları yaradan elektron imzanın istifadə
dairəsi bir qədər də genişləndirilib. "Hesab.az" - elektron
ödənişlər portalı özəl sektor olaraq daha bir ilkə imza atıb.
Movqe.az xəbər verir ki, bundan
sonra "www.hesab.az" onlayn ödəniş portalının
istifadəçiləri Milli Sertifikat
Xidmətləri Mərkəzi (MSXM) tərəfindən verilən
e-imzadan istifadə etməklə istənilən ödənişi həyata keçirə
biləcəklər. Eyni zamanda istifadəçi
"www.hesab.az" saytındakı şəxsi kabinetini e-imza kartı ilə
birləşdirə bilər. Bununla da o, şəxsi kabinetinə e-imza kartında
qeyd olunmuş PİN kodu və ya e-mail ünvanını istifadə etməklə
daxil ola bilər. Bu, istifadəçiyə "hesab.az" portalındakı
şəxsiyyətinin təsdiqlənməsini tələb edən xidmətləri (məs: internet
bankinq) əldə etmək imkanını yaradacaq. "www.hesab.az" portalında mövcud olan hesabdakı e-mail ünvanı e-imza
sertifikatındakı e-imza ilə uyğun deyildirsə, bu barədə portalın
inzibatçısına e-mail ünvanını dəyişmək barədə müraciət etmək
lazımdır. Müraciət təsdiqləndikdən
sonra portaldakı şəxsi kabinetə e-imza vəsiqəsi vasitəsilə daxil
olmaq mümkün olacaq. Portalın mütəxəssisləri e-mail
ünvanlarının avtomatik uyğunlaşdırılması üzərində də işlər
aparırlar və bu servis cari ayın axırına qədər həllini tapacaq.
Portala daxil olmaq üçün e-imza vəsiqəsindən istifadə haqda
portaldan əlavə məlumatlar əldə edə bilərsiniz.
Qeyd edək ki, "www.hesab.az" portalı yaxın vaxtlarda e-imza vasitəsilə bir sıra "online"
xidmətlərin göstərilməsinə hazırlaşır.