Bakı-Moskva işbirliyi yenə İrəvanı pərt durumda qoydu

11 Aprel 2020 09:46 (UTC+04:00)

Rusiya ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, hərbi müstəvidə əməkdaşlıq, silah alış-verişi də güclənir. Şimal ölkəsi, hətta Azərbaycana ən müasir texnoloji silahları satmağa hazırlaşır. Belə ki, Rusiyanın Azərbaycana Su-35 və MiQ-35 təyyarələrini satmaq niyyətində olduğu məlumdur.  Bu vəziyyət işğalçı  Ermənistanda gözlənildiyi kimi böyük narazılıq yaradıb.
Ermənistan mətbuatı, bəzi politoloq və siyasilər bu hadisədən çox əndişələndiklərini ifadə ediblər. Bu müstəvidə İrəvan Moskvaya etirazını da bildirib. Lakin buna baxmayaraq, Moskva dəfələrlə həmin etirazlara cavab olaraq bildirib ki,  Rusiya kimə istəsə, nə qədər istəsə silah satacaq. Yaranmış durumda bu dəfə də İrəvanın Bakı-Moskva işbirliyi sayəsində pərt vəziyyətə düşəcəyini gözləmək olarmı? İrəvan bundan hansı nəticələr çıxarmalıdır?
Politoloq Məhəmməd Əsədullazadə silah satışı məsələsində dünyada aparıcı rollardan birini oynayan  Rusiyanın Ermənistanın bu etirazlarına məhəl qoymayacağını bildirdi: “Rusiya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq sahəsində əlaqələrin daha da genişlənməsi müşahidə edilir. Bu amil isə hər zaman düşmən ölkə olan Ermənistanı narahat edib. Belə bir anda Su-35 və MİQ-35-lərin alınması istiqamətində razılığın əldə olunması Ermənistanda daha ciddi şok effekti yaradıb, onların narazılığı və narahatlığı pik həddə çatıb. Erməni mətbuatında Rusiyanın himayədarlığı, etibarlılığı itirdiyi istiqamətdə çoxsaylı mesajlar gedib 
Onlar çalışır ki,  bu fonda Rusiyaya qarşı hər hansısa bir şantaja əl atsınlar. Rusiya indiki halda silah satmaqla özünün maliyyə durumunu yaxşılaşdırmağı düşünür. Bu mənada da Moskvanın Ermənistanın etirazlarına məhəl qoymayacağı göz önündədir. Dünyada hazırda silah istehsalı və satışı istiqamətində ciddi mübarizə gedir ki, Rusiya da burada ön sıralarda yer alıb. Ona görə də Moskva öz marağı naminə hətta ən yaxın müttəfiqi sayılan Ermənistanı belə qurban verməyə hazırdır və lazımi anda qurban verəcək”. 
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan bu kimi müasir tələblərə cavab verən silah və hərbi texnikanı almaqla Ermənistan üzərində daha böyük üstünlüyə malik olacaq: “Təbii ki, Azərbaycan hər hansı bir mərhələdə işğal edilmiş torpaqlarımızı azad etmək üçün həmin texnikadan istifadə edəcək. Bu amil də İrəvanı yaman qorxudur. Hesab edirəm ki, Bakı bu doğru addımı ilə Ermənistan-Rusiya hərbi müttəfiqliyinin gələcək perspektivinə soyuq su səpdi. İrəvan anladı ki, Rusiya strateji məsələlərdə öz marağını rəhbər tutmaqla, hətta öz forpostuna qarşı çıxa bilər. Bu addımlar Bakı-Moskva əlaqələrinin inkişafı, Rusiya-Ermənistan münasibətlərinin isə soyumasına gətirib çıxaracaq. Göründüyü kimi, Cənubi Qafqazda cərəyan edən siyasi proseslər Azərbaycanın xeyrinə işləyir”.
M. Əsədullazadənin fikrincə, Ermənistanda bu fonda anlayırlar ki, Dağlıq Qarabağı artıq işğalda saxlamaq mümkün olmayacaq: “Çünki Rusiya istənilən anda öz marağı naminə forpostunu da belə sata bilər. Moskva istənilən dar anda Ermənistanı yarı yolda qoyacaq. İrəvanın başqa ölkələrdən silah almağa maliyyəsi yoxdur. Silah alışında tamamilə Moskvadan asılıdırlar.  Belə bir zamanda Rusiyanın Azərbaycana ən müasir hərbi texnikanı satması Ermənistanı ciddi pat vəziyyətinə salıb.  İrəvan belədə anlamalıdır ki, bundan sonra da Azərbaycan torpaqlarını işğalda saxlamaqda çətinlik çəkəcək. Hesab edirəm ki, Rusiya yaranmış vəziyyətdə Azərbayanla əlaqələri daha da inkişaf etdirib, Ermənstanı küncə sıxa bilər”.
Rüfət NADİROĞLU