Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu soydaşlarımıza müraciət edib (VİDEO)

12 Aprel 2020 20:34 (UTC+04:00)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyadan Vətənə qayıtmaq istəyən soydaşlarımıza müraciət edib.

Mövqe.az xəbər verir ki, səfir özünün videomüraciətində soydaşlarımızı səfirliyin "qaynar xəti" ilə əlaqə saxlamağa çağırıb.

P.Bülbüloğlu müraciətdə qeyd edib ki, dünyada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıblar.

Azərbaycan hökuməti də məcburiyyət qarşısında ölkənin sərhədlərini bağlayıb. Elan olunduğu kimi, aprelin 20-dək ölkəmizə giriş qadağandır.

"Bununla əlaqədar, mən sizdən artıq dərəcədə xahiş edirəm ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün heç bir şərait yoxdur. Oraya getməklə siz özünüzə, Rusiya tərəfinə, Dağıstan hökumətinə, Azərbaycan tərəfinə çoxlu problemlər yaradırsınız. Orada gözləməklə heç nə olmayacaq. Sərhəd heç bir xahişlə və ya təzyiqlə açılmayacaq. Ayın 20-dən sonra vəziyyətdən asılı olaraq sərhəd ya açılacaq, ya da hələ bir müddət bağlı qala bilər. Sizdən artıq dərəcədə xahiş edirəm ora getməyin. Orada vəziyyət ağırlaşa bilər, siz pis vəziyyətə düşə bilərsiniz, xəstələnə bilərsiz", - deyə səfir bildirib. Diplomat xatırladıb ki, Azərbaycan sərhədindən Dərbəndədək olan məsafə 65 kilometr, Mahaçqalaya kimi olan məsafə isə 185 kilometrdir: "Orada biz sizə kömək edə bilmərik. Mənim sözlərimi anlayışla qəbul edin. Bilirəm bu, çətindir. Ancaq təmkinli olmaq lazımdır. Bütün səbrinizi bir yumruğa yığıb gözləmək lazımdır. Başqa çıxış yolu yoxdur. Sizdən xahiş edirəm ki, səfirliklə əlaqə saxlayasınız, "qaynar xət"lərə zəng edib, özünüzü təqdim edəsiniz, səfirliyin e-mailinə sənədlərinizi göndərəsiniz. Biz siyahı tərtib edəcəyik, imkan yaranan kimi bizim əməkdaşlar sizinlə əlaqə yaradıb nə vaxt, nə zaman, hansı yolla Azərbaycana qayıtmaq mümkün olduğu barədə sizə məlumat verəcəklər".

Mövqe.az müraciətin videoyazısını təqdim edir: