Sosial xidmət müəssisələrində çalışanların iş rejimi dəyişib

13 Aprel 2020 10:10 (UTC+04:00)

"Son vaxtlar bütün dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi üçün tətbiq edilən xüsusi karantin rejimi şəraitində sosial xidmət müəssisələrində yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının təmininə diqqətin daha da artırılması mühüm əhəmiyyət kəsb edir". 

Mövqe.az xəbər verir ki, bu, Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin və yoluxma riski yüksək olduğuna görə yaşlı insanların yeni növ koronavirus infeksiyasından qorunması, onların sağlamlığının etibarlı qorunması üçün mütəmadi olaraq bütün sosial xidmət müəssisələrində sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir, virus əleyhinə dezinfeksiya işləri aparılır, bütün sakinlər mütəmadi olaraq müayinələrdən keçirilir, dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə maarifləndirici məlumatlar verilir. 

Həmçinin vurğulanıb ki, xüsusi karantin rejimi dövründə sosial xidmət müəssisələrində çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb və onlar qurulmuş uzunmüddətli növbəli sistem əsasında fəaliyyət göstərirlər.