Bakı Limanında karbamid ilk dəfə konteyner vasitəsilə daşınıb

13 Aprel 2020 14:27 (UTC+04:00)

Bakı Limanında Türkmənistandan daxil olmuş səpkili yükün (karbamidin) konteyner vasitəsilə nəql olunub.

Mövqe.az bu barədə quruma istinadən xəbər verir.

Məlumatda bildirilir ki, ənənəvi olaraq səpkili yüklər xüsusi “hopper” vaqonlar vasitəsi ilə daşınır. Bakı Limanı bundan sonra səpkili yükləri həm vaqon, həm də konteyner vasitəsi ilə daşıyaraq, yüklərin aşırılmasında vaxt və daşınma üsulu baxımdan üstünlük əldə edəcək.

Bakı Limanında inşa edilən və səpkili yükün konteynerə boşaldılmasını təmin edən xüsusi qurğu vasitəsi ilə 1 300 ton karbamid 62 ədəd 20 funtluq konteynerə yüklənərək Türkiyəyə yola salınıb. Bu üsulla mütəmadi olaraq yüklərin daşınması həyata keçiriləcək.

Qeyd edək ki, dünya bazarlarında yüksək tələbata malik və əsasən kənd təsərrüfatında istifadə olunan karbamidin daşınması Bakı Limanı ilə “Azərbaycan Dəmir Yolları” QSC əməkdaşlığı sayəsində mümkün olub. Xatırladaq ki, cari ilin 17 yanvar tarixində Bakı Limanı ilə Azərbaycan Dəmir Yollarının törəmə şirkəti olan “ADY Konteyner” MMC arasında Orta Dəhliz (Middle Corridor) üzrə hərəkət edən konteyner yükdaşımaları sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və birgə koordinasiyası, eyni zamanda, əməliyyat proseslərinin bütün mərhələlərində əməkdaşlığa dair razılaşma sənədi imzalanıb.