AAYDA aztəminatlı ailələrə ərzaq yardımı ilə dəstək olur

13 Aprel 2020 17:34 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərzaq yardımının paylanılması davam etdirilir.

 

Bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Bakı şəhəri, Abşeron, Tərtər, Göygöl, Şamaxı, Ağsu, Qobustan, Quba, Ucar. Kürdəmir, Qax, Oğuz, Qazax, Gədəbəy, Biləsuvar, Lənkəran və Astara rayonlarında 1000 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

 

Vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.

 

Xatırladaq ki, bundan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar vətəndaşlara dəstək olmaq məqsədi ilə Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından işsiz kimi qeydiyyatda olan 700-ə yaxın şəxsi işlə təmin olunub.

 

Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə elan olunmuş xüsusi karantin rejimi müddətində aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərzaq yardımı ilə dəstək olunması davam etdirilir.