Niderlandda koronavirus səbəbiylə milyonlarla lalə məhv edildi

14 Aprel 2020 09:19 (UTC+04:00)
Cari ilin mart ayında Niderlandda 140 milyon lalə məhv edilib. Buna səbəb koronavirus pandemiyası ilə əlaqədar güllərə tələbatın azalması olub. Trend-in məlumatına görə, ailə təsərrüfatının direktoru Frank Vittenboqaard 200 min lalənin məhv edilməsi məcburiyyətində qaldığını söyləyib. "Bu il çox keyfiyyətli lalələrimiz oldu. Çiçəklərin necə məhv edildiyini seyr edə bilmədim, velosipedimə mindim və ayrıldım", - F.Vittenboqaard deyib. "Royal FloraHolland" şirkətinin beynəlxalq satış meneceri Fred van Tollun sözlərinə görə, son bir ay ərzində Niderlandda 400 milyon çiçək məhv edilib. "Bu virus lalə satışlarına ciddi ziyan vurdu. Gəlir keçən illin eyni dövrü ilə müqayisədə 50 faiz aşağı oldu", - F.Toll vurğulayıb. Lalə mövsümü ümumiyyətlə mart ayında başlayır və təxminən səkkiz həftə davam edir. Bu güllərin satışından gündəlik orta gəlir 30 milyon dollardır. Hazırda Niderlandda kiçik çiçək mağazalarının fəaliyyətinə icazə verilir. Buna görə yerli bazara yönəlmiş istehsalçılar və distributorlar hələ də çiçək sata bilər. Lakin beynəlxalq ticarətdən asılı olan müəssisələr üçün vəziyyət çətindir. Bundan əlavə, bu il koronavirus səbəbiylə Niderlandın ən böyük lalə parkı olan Kekenhof bağlanıb. Park lalələrin çiçəklənməsi zamanı adətən ildə 1.5 milyon ziyarətçi qəbul edir. Mövsümdən əldə olunan gəlirlər orta hesabla 25 milyon dollar olur. Hazırda çiçəklənən lalələrə yalnız Kekenhof parkının veb saytında baxmaq olar. Hollandiyada 12 aprel tarixinə 24,4 mindən çox koronavirusa yoluxma, 2643 ölüm hadisəsi qeyd edilib. Məktəblər, restoranlar, barlar, muzeylər aprelin 28-dək bağlıdır. Əksər tədbirlər 1 iyun tarixinə qədər qadağandır.