Qlobal iqtisadiyyatın xilası neft qiymətlərinin yüksəlişindən keçir

14 Aprel 2020 10:51 (UTC+04:00)

Neft qiymətlərinin kəskin enməsi təksə neft ixrac edən ölkələri deyil, həm də böyük iqtisadiyyatları narahat etməyə başlayıb. Məlum olub ki, neftin həddən artıq ucuzlaşması indiki böhran şəraitində qlobal iqtisadiyyat üçün təhlükəlidir və belə vəziyyətin qalması böhranla mübarizədə çətinlik yaradır.

ABŞ hökuməti də belə düşünür. Dünyanın ən böyük iqtisadiyyatını idarə edənlər hesab edir ki, dünya iqtisadiyyatının mövcud böhran vəziyyətindən tam çıxması üçün enerji bazarlarında sabitləşmə və neftin ucuzlaşmasının dayandırılması vacib şərtlərdir. Bunu ABŞ-n energetika katibi Dan Bruyett də təsdiq edib.

Bəs, bu yanaşma dünya iqtisadiyyatını böhrandan xilas edə bilərmi?

İqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, neft qiymətlərinin indiki səviyyəsi neft idxal edən ölkələrə sərf edir. Eksprert bildirdi ki, böhran dövründə onların gəliri azaldığından əsas xammal kimi neftə az pul xərcləyirlər və bu, onlara sərf edir. “Amma nəzərə alaq ki, neftin ucuzlaşması bütün əmtəələrin ucuzlaşmasına səbəb olur”, - deyən F.İbrahimov qeyd etdi ki, bu əlaqədən irəli gələrək böyük ixrac imkanı olan ölkələrin xarici əməliyyatlardan əldə etdikləri gəlirlər azalır.

Gəlirin azalması isə öz növbəsində investisiya qoyuluşuna mənfi təsir göstərir. Ekspert söylədi ki, bir tərəfdən əvvəlki qiymət səviyyəsinə uyğun sərmayə qoyanlar nəzərdə tutduqları gəliri əldə edə bilmir, digər tərəfdən qiymətlər endiyindən əvvəlki kimi çox sərmayə qoyuluşu olmur. F.İbrahimov dedi ki, sərmayə qoyuluşunun azalması iqtisadi aktivliyə mənfi təsir edir və bütün iqtisadiyyatlar bir-biri ilə bağlı olduğuna görə bundan qlobal iqtisadiyyat zərər görür. Buna görə də ekspert hesab edir ki, nefti qiymətinin əlverişli səviyyədə olması hamı üçün, həm neft ixrac edən, həm də neft idxal edən üçün ölkələr üçün sərfəlidir. Onun sözlərinə görə, bazar optimal qiymət səviyyəsini nə qədər tez taparsa, böhran da bir o qədər tez aradan qalxacaq: “Neft ixrac edən ölkələr üçün qiymətlər nə qədər yüksək olarsa, bir o qədər yaxşıdır. Bu halda onların həm ixracı daha çox artacaq, həm də valyuta ehtiyatlarını artırmaq imkanı yaxşılaşacaq. Amma idxal edənləri nəzərə alsaq neftin qiymətinin yüksək olması əlverişli deyil, onların xərci çox artacaq. Bu baxımdan optimal qiymət səviyyəsi daha əlverişlidir. Mənin fikrimcə, neft qiymətləri 50-55 dollar olarsa, ixrac edən və idxal edən ölkələr məmnun olar. Düzdür, elə neft ixrac edən ölkələr var ki, onlar qiymətlərin 70 dollardan yüksək olmasını arzulayır. Lakin bu o qədər də səmərəli deyil. Çünki yüksək qiymətlər olanda neft-qaz sektoruna daha çox sərmayə qoyulur, yataqlar daha çox istismar edilir və nəticədə neft bolluğu yaranır. Bu vəziyyətdə qiymətlərin kəskin düşmə ehtimalı da güclənir. Eyni zamanda hasilatın artması ekoloji problemlərin artmasına da səbəb olur”.

F.İbrahimov vurğuladı ki, qiymətlər optimal səviyyədə qalanda investisiya qoyuluşu stabil qalır, təbiət çox istismar edilmir və qiymətlərin iqtisadi amillərin təsirindən kəskin enməsi problemi olmur: “Uzun müddət neft qiymətləri 50-60 dollar intervalında qaldı və dünya iqtisadiyyatında optimal böyümə baş verdi. Son günlərdə qiymətlərin kəskin enməsi, iqtisadi deyil, epidemiyanın təsirindən yaranıb. Bu təsir aradan qalxdıqdan sonra qiymətlər tədricən 50-55 səviyyəsinə qayıdacaq və bundan dünya iqtisadiyyatı daha çox qazanacaq”.

Vasif CƏFƏROV