Kreml İrəvandan üz çevirir

15 Aprel 2020 10:55 (UTC+04:00)

İşğalçı ölkə Ermənistan koronavirus fonunda  günü-gündən daha acınacaqlı vəziyyətə düşür. İrəvan aprelin 13-dən fövqəladə vəziyyət rejimini daha bir ay uzadıb. Yaranmış situasiyada Ermənistan iqtisadiyyatı tamamilə çöküb. Ölkə aclıqla üz-üzə qalıb. İrəvan həmçinin ağası olan Rusiya və Avrasiya İqtisadi Birliyindən yardım almaq istəyir. Lakin Moskva ona yardım etməyib. Belə olan halda, yardım etmədiyinə görə Ermənistan Rusiya və Avrasiya İqtisadi Birliyindən daha çox narazılıq etməyə başlayıb.  “1in.am” portal da yazır ki, İrəvanın Kremlə qarşı çıxmaq niyyəti Moskvanı daha da qəzəbləndirib və indi Rusiya Ermənistandan üz döndərir: "Koronavirus dünyanın bütün ölkələri üçün problemlər yaradıb. Hazırda Ermənistan-Rusiya gündəliyində əsas məsələ bəlkə də qaz problemidir və bu, Ermənistan üçün həyati əhəmiyyət daşıyır". O da xüsusi vurğulanır ki,  yaranmış qeyri-müəyyənlik Ermənistanı təhdid edən iqtisadi böhranı daha da genişmiqyaslı edir: "Əgər Rusiyanın Ermənistana qarşı müttəfiq öhdəlikləri varsa, açıq şəkildə başa düşməlidir ki, qazın qiymətinin bahalaşması Ermənistanın iqtisadiyyatını çöküş astanasına sala bilər. Digər tərəfdən qaz problemi Moskvanın İrəvana qarşı təzyiq etdiyi yeganə məsələ deyil. Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlıq istiqamətlərinin geniş çərçivəsində, eləcə də aviasiya təchizatı istiqamətində danışıqlar aparmağa hazırdır". Portal yazır ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən də istədiyi yardımı ala bilmir.
Politoloq Natiq Miri bildirdi ki, Ermənistanın dilənçilik etməsi onlara xas spesifik xüsusiyyətdir: “Bu məsələni təkcə postsovet məkanına, Avrasiya İttifaqına aid etmək, onun problemi kimi təqdim etmək doğru olmaz. Sadəcə, erməni mətbuatı, siyasətşünasları hər zaman dilənçiliklə məşğul olub.  Onlar hesab edir ki, bütün dünya dövlətləri, eyni zamanda onun havadarı olan Rusiya mütləq mənada İrəvana yardım etməlidir.
Bilirsiniz ki, koronavirus pandemiyası yaranandan bəzi dünyada ən mükəmməl mexanizmə sahib Avropa Birliyi kimi vahid iqtisadi, siyasi məkana malik bu kimi təşkilat demək olar, virusla effektiv mübarizə apara bilmədi. Pandemiyanın daha ciddi yayıldığı Avropa ölkələri İspaniya və İtaliyaya birliyin digər üzvləri yardım əlini uzada bilmədi.  Baxmayaraq, həm İtaliya, həm də İspaniya bu yöndə Avropa İttifaqı və qitənin digər strukturlarına  müraciət etmişdilər. Ona görə də ermənilərin bu cür hayqışqırıq salmasına lüzum yoxdur.  Belə etmək onların spesifik xüsusiyyətidir”.
Həmsöhbətimiz qeyd etdi ki, bu yolla diqqəti özlərinə cəlb etməklə də, dünya miqyasında, o cümlədən Rusiya və Avrasiya İttifaqından yenidən yardım almaq istəyirlər: “Bildiyimə görə, Rusiya pandemiyanın testilə bağlı artıq  Ermənistana yardım edib.  Bilirsiniz ki, virusa yoluxanların tənəffüz orqanlarında  ciddi problem yarandığından onları nəfəsalma aparatlarına taxırlar. Bu yöndə də yardım  Rusiyadan Ermənistana edilib.  Ermənistan ümumiyyətlə, nə qədər kömək edilsə belə, o qədər daha çox istəyən nankor etnos və məmləkətdir”.
N. Mirinin fikrincə, belə hay-küylə İrəvan sadəcə digər beynəlxalq təşkilatlardan da dilənmək istəyir. Ona görə də bilərəkdən mənsub olduğu ittifaqı aşağılayır: “Düşünürəm ki, Rusiya və Avrasiya Birliyinin İrəvana yardım etmədiyini gündəmə gətirməklə İrəvan sadəcə olaraq, yenidən dünyanın diqqətini özünə cəlb etmək, təkcə Avrasiya İttifaqından deyil, digər beynəlxalq təşkilatlardan da yardım qoparmaq istəyir.  Ona görə də belə məsələləri mətbuatda işıqlandırırlar ki, daim diqqət mərkəzində olsun, daha çox yardım ala bilsinlər.  Ermənistana pandemiyaya qarşı mübarizə fonunda tək Rusiyadan deyil, digər dövlətlərdən, o cümlədən Avropadan da yardımlar edilir. Ancaq bu Ermənistan üçün bəs deyil. İrəvan daima onun-bunun çiynində yaşamağa vərdiş etdiyindən bu cür məsələləri daim siyasi gündəmdə saxlayırlar. Başlıca hədəfləri budur. Yoxsa, Ermənistan bu məsələ ilə bağlı olaraq Avrasiya İttifaqı və hamisindən küsəcək, narzı qalacaq, hətta bu qurumdan cıxmaq cürətində olacaq bir dövlət deyil.  İrəvan digər dünya dövlətləri və beynəlxalq qurumlardan da yardım almaq üçün mütləq mənada bilərəkdən mənsub olduğu ittifaqı aşağılayır. Bununla göstərmək istəyir ki, həmin ittifaqda yardım mexanizmləri işləmir. Belədə, digər beynəlxalq strukturları özlərinə yardım etməyə sövq etdirmək istəyirlər”.
Rüfət NADİROĞLU