"Elektron faktura" adlı yeni elektron xidmət istifadəyə verilib

15 Aprel 2020 12:50 (UTC+04:00)

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən abonent xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyalarının tətbiqini davam etdirir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən "Elektron faktura" adlı yeni elektron xidmət istifadəyə verilib. Sayca 19-cu olan bu xidmət vasitəsilə əhali qrupu üzrə sayğacsız və mexaniki sayğaclı istehlakçılar içməli su və tullantı su xidmətlərinə görə formalaşmış ən son fakturalarını əldə edə bilərlər. Xidmətdən istifadə etmək üçün abonentlər www.azersu.az saytına daxil olub "Elektron faktura" (https://xidmet.azersu.az/e-services/exidmet/login/?id=5) panelini seçir. Açılan pəncərədə abonent kodu daxil edildikdən sonra ən son tərtib olunmuş faktura bildirişi dərhal abonentə təqdim olunur. Burada yerləşdirilmiş “Online ödə” pəncərəsi vasitəsilə abonentlər içməli su və tullantı su xidmətlərinə olan borclarını onlayn qaydada ödəyə bilərlər.

Abonentlər bildirişləri hər ay davamlı olaraq əldə etmək istədikdə “Abunə ol” seçimini etməklə müvafiq məlumatları daxil edib qeydiyyatdan keçməlidir. Faktura bildirişləri qeydiyyatdan keçmiş abonentin e-mail ünvanına və SMS vasitəsilə mobil telefonuna hər ay mütəmadi qaydada göndəriləcək. Fakturaların hər ay avtomatik göndərilməsi xidməti abonent tərəfindən istənilən vaxt dayandırıla bilər.

Qeyd edək ki, "Elektron faktura” xidmətindən istifadə ilə əyani tanış olmaq üçün “Azərsu” ASC-nin facebook səhifəsində videoçarx, eyni zamanda azersu.az saytının elektron xidmətlər bölməsində təlimat yerləşdirilib.