Koronavirusun yeni əlaməti aşkarlanıb

15 Aprel 2020 18:28 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə koronavirusa yoluxanların sayı 2 milyonu keçib.

Koronavirusun ilkin əlamətləri quru öskürək, qızdırma olsa da, virusun bədənində olduğunu hiss etməyən şəxslər də olur.

Xəstəliyi asimptomatik formada keçirən şəxslər bilmədən onlarla, bəzən yüzlərlə insana bu virusu yoluxdura bilirlər.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, İspaniyada aparılan araşdırmalar nəticəsində koronavirusun daha bir əlaməti aşkarlanıb.

Belə ki, araşdırmalara görə, virusa yoluxsa da özündə hər hansı narahatlıq hiss etməyən şəxslərin ayaqlarında ləkələr yaranır. Bu əlamətlərə İspaniya, İtaliya və Fransadakı bəzi xəstələrdə rast gəlinib.

Qeyd edək ki, dəridə səpkilərin yaranması, dadbilmə və iybilmə qabiliyyətinin itməsi də koronavirusun əlamətləri sırasındadır.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 2000243 nəfər yoluxub. 126758 nəfər bu virusdan ölüb, 484,751 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.