Hikmət Babaoğlu: Qondarma "seçki" ilə Ermənistanın işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq

15 Aprel 2020 17:00 (UTC+04:00)

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkilər” bütün beynəlxalq qurumlar və dünya siyasətini müəyyənləşdirən ölkələr tərəfindən pislənir. Ermənistanın qondarma "seçki" ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan işğal edilmiş Dağlıq Qarabağda baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafiq operativ reaksiyalar verir: "Doğrudur, bu, hələlik diplomatik və siyasi müstəvidə baş tutur. Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün uzaqda deyil. Ona görə də Ermənistanın qondarma "seçki" ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq”.

Deputat vurğulayıb ki, Dağlıq Qarabağdakı qondarma rejimin "seçki" oyunu mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini müəyyənləşdirən ölkələr tərəfindən pisləndi: “İndi isə ikinci mərhələ adı ilə yenidən uydurma "seçki" oyunu təkrarlanır. Bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart “seçkilər”inə verilən qiymət avtomatik olaraq onun davamına da şamil edilir. Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq. Tam əksinə, bu cür təxribatlar siyasi prosesləri sürətləndirərək Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnəcək”.

Qeyd edək ki, işğal olunmuş Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda qondarma rejim tərəfindən qondarma "prezident və parlament seçkiləri"nin birinci turu mart ayının 31-də, ikinci turu isə aprelin 14-də keçirilib. Əksər dövlət və beynəlxalq təşkilatlar isə bu "seçkiləri" tanımadığını bəyan edib.