Azərbaycan Turizm İnstitutunda dördüncü məzun buraxılış mərasimi olub

11 İyul 2013 11:30 (UTC+04:00)

İyulun 10-da Azərbaycan Turizm İnstitutunda "Məzun-2013" adlı dördüncü buraxılış mərasimi olub. İnstitutdan Mövqe.az-a verilən məlumata görə, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor C.Cəfərov bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi turizm sənayesinin inkişafının dövlətimizin strateji maraqlarının tərkib hissəsi olduğunu bir daha təsdiqləyib.

Onun sözlərinə görə, bu qərarın heç şübhəsiz, ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görülməsində müstəsna rolu var: "Əgər bu gün ATİ-nin bakalavr və magistr pilləsi üzrə 161 nəfər tələbəsi məzun adını qazana bilibsə, bu məhz bizlərə və sizlərə göstərilən böyük etimad və qayğının nəticəsidir. Onu da qeyd edim ki, bu ilki məzunlardan 15 nəfəri eyni zamanda Avstiryanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomlarını əldə edib. 4 il əvvəl ATİ-yə etibar etdiyiniz övladlarınız bu gün artıq yüksək bilik və bacarıqlara sahib, ürəkləri Vətən sevgisi ilə Azərbaycanımızın xidmətindədirlər. Onlarla fəxr etməyə haqqınız var".


Məzun törənində Azərbaycanın mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyev, nazir müavinləri Nazim Səmədov və Sevda Məmmədəliyeva, elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, nüfuzlu otel və turizm sənayesi müəssisələrinin məsul əməkdaşları iştirak ediblər.