Radikallar yenə düşmən mövqedədir

16 Aprel 2020 09:15 (UTC+04:00)

Bu günlərdə ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev ölkədə keçirilən genişmiqyaslı islahatlar prosesinə toxunub. Dövlət başçısı bildirib ki, bu prosesdə siyasi sistemin islahatı da paralel olaraq aparılır və artıq iqtidarın təşəbbüsü ilə müxalifət dövlətin siyasi həyatında fəal iştiraka dəvət edilib və demək olar ki, bütün müxalif partiyalar bu dəvəti müsbət qarşılayıb.

“Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq” deyə, ölkə rəhbəri baş verənləri müsbət təmayül kimi xarakterizə edib. 

Belə bir nəticəyə gəlinməsi tamamilə məntiqidir. Çünki Azərbaycan demokratik quruculuq prosesini davam etdirir. Ötən illər ərzində bu istiqamətdə köklü dəyişikliklər baş verib və indi demokratiya cəmiyyət həyatının təkanverici amilinə çevrilib. Sadəcə, bir mənfi amil var ki, xarici qüvvələr həmişə özünü Azərbaycan müxalifətinə guya yaxın tərəfdaş kimi göstərib, əslində isə pozuculuq fəaliyyəti göstərib. Bu səbəbdən müxalif qüvvələr arasında müəyyən korroziya halları baş verib və bəzi qruplar təsir altına düşərək marginallaşma yoluna düşüblər.

Bu işdə qrant, maliyyələşdirilən layihələr adı ilə süni canıyanalıq fəaliyyəti səbatsız insanlara qaralamağa imkan verib. İş burasındadır ki, irəli sürülən layihələr Azərbaycanı istəməyən düşmən qüvvələrin təsiri altında işlənib və ilk növbədə dövlətimiz üçün təhdidlər yaratmağa xidmət edib. Problemin ağrılı tərəfi də budur.

Prinsip etibarı ilə müxalifət ölkənin inkişafı yolunda iqtidarla bigə çalışmağı bacarmalıdır.

Söhbət ondan gedir ki, ilk növbədə taleyüklü məsələlərin həllində birgə fəaliyyət planı işlənib hazırlanmalı, qalan sferalarda isə haqlı və səmərəli tənqid yolu ilə iqtidarın işini yönəltməyə səy göstərilməlidir. Ancaq marginallaşmış qüvvələrin bir amacı var: hakimiyyəti ələ keçirmək. Bəli, “ələ keçirmək”, hakimiyyətə gəlməmək. Onlar heç bir hazırlığa malik olmadıqlarına, siyasi təcrübəsizlik, diplomatik başıpozuqluq fonunda “iki ayaqlarını bir başmağa dirəyib” hakimiyyətin onlara verilməsini tələb edirlər. Apardıqları siyasi iş isə yalnız iqtidarın fəaliyyətini kölgə altına almaq, şər və böhtan atmaqdır. Elə buna görə də artıq cəmiyyətimiz bu qüvvələri siyasi baxımdan çıxdaş edib və onlara inam yoxdur. Bu səbəb sarıdan marginallar seçicilərin etimadını itirərək parlamentə və ya digər seçkili orqana düşə bilmirlər.   

Ölkəmizin siyasi cəhətdən bir nömrəli şəxsi belələri haqda deyib: “Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır.

Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır”.

N.NOVRUZ