Yeni islahatlar Azərbaycana mühüm yeniliklər vəd edir

16 Aprel 2020 09:41 (UTC+04:00)

 

Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezident bir sıra məsələlərə toxunmaqla yanaşı, onu da qeyd edib ki, 2020-ci il dərin və geniş islahatlar ili olacaq:  “Əlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.  Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik.   Struktur islahatları aparılıb və hesab edirəm ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır”. Bəs, 2020-ci ildə gözlənilən yeni islahatlar Azərbaycana nə vəd edir?

Politoloq Cümşüd Nuriyev bildirdi ki, gözlənilən yeni islahatlar Azərbaycanda inkişaf baxımından əsaslı dəyişikliklərə səbəb olacaq: “Yeni islahatlar fonunda struktur dəyişikliyinə gediləcəyini gözləyirəm. Azərbaycanda bir-birini təkrarlayan strukturlar var, onlar birləşdirilə bilər.  Bloklaşma getməlidir. Sosial müdafiə sahəsində də müəyyən addımların atılacağını gözləyirəm.

Digər tərəfdən, idarəetmənin asanlaşdırılması üçün rayon tipli idarəetmədən əyalət idarəetməsinə keçmək zəruridir. Vali sistemi tətbiq olunmalıdır. Bu proses demokratiyanın daha da güclənməsinə səbəb olacaq. Turbanizasiya, yəni şəhərdən kəndə qayıdışa nail olmaq üçün də bəzi islahatlara ehtiyac vardır. Abşeron iqtisadi rayonunun yükü iqtisadi və əhali sayı baxımından həddən çoxdur.  Bölgələrdə geniş səpkili sənaye müəssisələrinin açılması dövrünə hazırlaşmalıyıq. İcraedici və qanunverici orqanın ardınca məhkəmə hüquq sistemində də islahatların olması gözlənilir.  Elm sahəsində də ciddi islahatlara ehtiyacımız var.

Cari ildə keçirilməsi gözlənilən yeni islahatlar Azərbaycana çox şey verəcək. İlk növbədə idarəetmədə optimal nisbətin yaradılmasına nail olacağıq. İdarəolunanla idarəedəni müqayisə etsək, bu sahədə optimal nisbətə nail olacağıq.  Digər tərəfdən, idarəetmə strukturlarında idarəedənlərin sayı azaldığına görə, dövlət büdcəsindən maliyyələşmədə yenilik olacaq, iqtisadi cəhətdən daha bir gəlir mənbəyi əldə ediləcək.  Yeni islahatlar həmçinin rəqabət mühitini daha da sürətləndirəcək. Nəticədə ölkədə gedən rəqabət mühiti öz effektini verəcək. Çünki rəqabət mühitində daha innovativ insanların prosesə cəlb olunması xüsusi köməklik yaradacaq. 

Bundan başqa, Azərbaycan yeni idarəetmə strukturu ilə Şərqdə, hətta Türkiyədən də irəli gedərək, bir nümunə olacaq. Buna imkanımız var. Həm əqli intellektual cəhətdən, həm də digər məsələlərdə Azərbaycan hər cür geniş imkanlara malikdir.  Cari ildə keçirilməsi gözlənilən yeni islahat dalğası əminəm ki, ölkənin bütün strukturlarında 70-80 faiz nisbətində yeniliyə gətirib çıxaracaq”.

R. SOLTANOV