Ukraynada koronavirus 116 nəfərin həyatına son qoyub

16 Aprel 2020 15:31 (UTC+04:00)

Ukraynada son sutkada 397 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 4161 nəfərə çatıb.

Azərtac ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 8 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 116 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 186 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.