Aprelin 1-dək işsiz statusu alanların hamısına birdəfəlik ödəmə verilib

16 Aprel 2020 17:47 (UTC+04:00)

Bu il aprelin 1-dək işsiz statusu almış və 190 manat məbləğində birdəfəlik ödəməni almaq hüququ olan şəxslərin hər birinə ödəniş həyata keçirilib.

Mövqe.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib. Onun sözlərinə görə, artıq aprelin 1-dən etibarən qeydiyyatdan keçənlərə də ödənişlərin verilməsinə başlanılıb:

“İlk ödəniş dünən həyata keçirilib. Ümumilikdə, 120 min nəfər vətəndaşa 25 milyon manatdan çox vəsait ödənilib. Müraciətlərin emal edilmə sayından asılı olaraq, hər gün 15-20 min ödəmə həyata keçirilir”.

Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur.

İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilmir. Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alan şəxslərə də şamil olunur.