Azərbaycanın iqtisadi inkişafı ​ daha çox qeyri-neft sektoru üzərində köklənir

17 Aprel 2020 12:39 (UTC+04:00)
Pandemiyanın tüğyan etdiyi fonda dünya bazarlarında neftin qiyməti də aşağı düşməkdə davam edir. Hazırda bir barrel brent markalı neftin qiyməti 28-29 dollar arasında var-gəl edir. Hətta gündəlik neft​ hasilatını azaltmaqla bağlı OPEK+​çərçivəsində razılıq əldə edilsə də, proses neftin kəskin bahalaşmasına gətirib çıxarmadı. Qeyd edək ki, Azərbaycan hələ 5 il bundan qabaq öz iqtisadiyyatını daha intensiv şəkildə qeyri-neft sektoru üzərində cəmləşdirmək yolunu tutub. Bunun nəticəsində, son illər ölkəmizdə turizm, kənd təsərrüfatı, tikinti sektoru kimi qeyri-neft sahələrinin çəkisi artdı. İqtisasdçı ekspert Fuad İbrahimov bildirdi ki, Azərbaycan iqtisadiyyatı indinin özündə belə daha çox qeyri-neft sektorunun inkişafı istiqamətinə yönəlib. Amma bununla belə, həmsöhbətimiz düşünür ki, hələ bir müddət neft amili ölkə iqtisadiyyatında aparıcı rol oynamaqda davam edəcək: "Ümumiyyətlə, 2015-ci ildən başlayaraq neftin dünya bazarında qiyməti kəskin şəkildə, 4 dəfəyə yaxın aşağı düşdükdən sonra,​ onsuz da Azərbaycanda qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirilməsi siyasəti formalaşıb. Ölkəmizdə bu müstəvidə postneft dövrü elan olundu. Bununla bağlı kifayət qədər sərəncam, qanun ,layihə və proqramlar belə hazırlandı. İndinin özündə də işlər məhz bu istiqamətdə gedir. Bu hamının gözü qarşısında baş verir. Ancaq eyni zamanda statistik məlumatlara görə neft sektoru Azərbaycan iqtisadiyyatında hələ bir müddət mühüm rol oynamaqda davam edəcək. Ümumiyyətlə, neft amilini silib kənara ata bilmərik. Təfəkkürümüzdə bunu dəyişdirə bilmərik ki, neft olmadan qeyri-neft sektoru ilə inkişaf edəcəyik. Bu hələlik mümkün deyil, yaxın 5-10 ildə də mümkün olmayacaq. Azərbaycan iqtisadiyyatının yaxın 10 ildə neft amilindən qurtulması pafoslu çıxışlar olacaq.​ Yalnız 10 ildən sonra mərhələli şəkildə neft sektoru ilə qeyri-neft sahəsi arasındakı nisbəti 50/50 ​ səviyyəsinə çatdıra bilərik. Hələ ki, məhz neft sektoru qeyri-neft sahəsinin inkişafını qidalandırıb tənzimləməkdə davam edəcək. Neftin qiymətinin indiki vəziyyətdə olması isə pandemiya təhlükəsi fonunda təkliflə tələb arasında kəskin şəkildə pozulmanın baş veməsindən qaynaqlanır.​ Qısa zamanda bərpa olunacaq və tələb artdıqca təklifin də fəaliyyəti tənzimlənəcək. Ona görə postpandemiya dövründə neftin qiyməti bahalaşacaq".​ İqtisadçı ekspert Ruslan Atakişiyev qeyd etdi ki, ölkədə qeyri-neft sektorunun daha sürətlə inkişaf etdirilməsi məsələsi ildən ilə özünü daha qabarıq şəkildə göstərir: "Ümumiyyətlə, Azərbaycan qeyri-neft sektorunun inkişaf strategiyasını 2016-cı ildə qəbul olunan ölkə iqtisadiyyatının inkişafı ilə bağlı olan yol xəritələrində açıq şəkildə ortaya qoyub. Bu mənada​ qeyri-nerft sektorunun inkişaf etdirilməsi zərurəti ilbəil özünü daha geniş şəkildə büruzə verir. Həmin tendensiya xüsusən də indiki məqamda daha da aktuallaşıb. Növbəti illər üçün qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində işlərin sürətləndirilməsi, iqtisadiyyata investisiyanın yatırılması, azad bazar şəraitinin qurulması, rəqaəbət mexanizminin​ gücləndirilməsi hədəfləri daha geniş şəkildə önə gələcək". Rüfət NADİROĞLU ​ ​