Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda təsdiq etdi

17 Aprel 2020 16:16 (UTC+04:00)

Azərbaycanda Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik edilir.

Mövqe.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklikdə cinayətlərin dekriminallaşdırılması təklif edilir, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur. Eyni zamanda 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.