Deputatın canlı yayımda seçicilərinin görüşünə gəlməsi rəğbətlə qarşılandı

17 Aprel 2020 16:58 (UTC+04:00)

“Həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, onu göstərir ki, həmişə olduğu kimi bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

İslahatların dərinləşməsi Parlamentdən də yan keçə bilməzdi. Hesab edirəm ki, bu, yeni tərkibdə formalaşmış Milli Məclisin islahatlarına yeni təkan verəcəkdir. Deputatların qarşısında bu baxımdan böyük vəzifələr durur. Mənim tövsiyələrim ondan ibarətdir ki, onlar kəmiyyətə yox, keyfiyyətə fikir versinlər”.

Bu sözlər cənab Prezidentin Milli Məclisin ilk iclasındakı çıxışından cümlələrdir. Əbəs yerə sözlərimi cənab Prezidentin çıxışı ilə başlamadım. Çünki bu sözləri və tövsiyələri rəhbər tutaraq seçildiyi ilk gündən seçicilərinə və mətbuata açıq olan, deputat seçilmədən öncə rəhbərlik etdiyi, yeni yaradılmış Aİİ-də əsl dünyəvi təhsil ocağı abu-havası yaratmış 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmiş Ceyhun Məmmədovdan söhbət açmaq istəyirəm. Elə seçki ərəfəsi Ceyhun müəllimin seçiciləri ilə sıx görüşünün şahidi olurduq. Qeyd edək ki, başqa namizədlərə nisbətən işğal altında qalan rayonların seçiciləri ilə təmas çox çətindir. Çünki məlum səbəblərdən o rayonların sakinləri qaçqın və məcburi köçkünlər kimi bir yox, bir neçə rayon və qəsəbələrdə, yeni salınmış şəhərciklərdə, yataqxanalarda məskunlaşıblar. Hər çətinliyə rəğmən Ceyhun müəllim işinin öhdəsindən şərəflə gəldi və bütün bölgələrdəki seçiciləri ilə görüşə nail oldu. Onun deputat seçilməsində heç bir seçicinin etirazına rast gəlmədik. (Hazırda əhalənin 60%-dən çoxu sosial şəbəkə istifadəçisi olduğu üçün baş verən bütün hadisələrə cəmiyyətin reaksiyasını duymaq çox asandır – müəl.).

Təəssüf ki, deputat seçkilərindən az sonra bütün dünyanı ağuşuna alan pandemiya bizim ölkəmizdən də yan keçmədi. Bu çətin sınaqlarla bol dövrdə də vətəndaşları Prezidentin ətrafında sıx birləşib qaydalara əməl etməyə çağıran deputat, həm də maddi dəstəyi ilə seçicilərin yanında olmağı özünə borc bildi. Aztəminatlı ailələrə köməkçiləri vasitəsilə köməyini əsirgəməsə də, şəhid analarının görüşünə şəxsən özü gedərək çətin günlərdə dövlətin dəstəyini onlara hiss etdirdi.

Dünən isə Ceyhun müəlim bir ilkə imza atdı. O, əvvəlcədən elan edərək 2 saat canlı yayımda xalqının, seçicilərinin qarşısına çıxdı, onlarla canlı təmas qurdu. Mən də izlədim canlı yayımı. 400-ə qədər rəy gəlsə də, əksəriyyəti fürsətdən istifadə edib Ceyhun müəllimi seçkilərdə qələbə çalması münasibəti ilə təbrik edirdi. İstəklər isə gözlənilən idi; yataqxanada qalanlar ev, işsiz qalanlar iş, müharibə veteranları dəstək istəyir, Ceyhun müəllim hamısını səbrlə oxuyub, əlaqə nömrəsi saxlamalarını tövsiyə edirdi. Yataqxanada yaşayanlara bildirəndə ki, cənab Prezident tövsiyə və tapşırıq verib, heç bir sosial layihə dayandırılmasın, bu, bütün yayımı izləyənlərin sevincinə səbəb oldu. Başqa rayonlardan da yazıb Ceyhun müəllimdən kömək və dəstək istəyənlərin olması Ceyhun müəllimin təkcə öz seçicilərinin deyil, xalqın rəğbətini qazanmasından xəbər verirdi.

Yekunda Ceyhun müəllim istəkləri nəzərə alaraq canlı bağlantıları ayda bir dəfə reallaşdıracağına çalışacağını qeyd etdi.

Bəli, bizim görmək istədiyimiz əsl deputat timsalı – Ceyhun Məmmədov.

 

Elnurə Abuşova