Partiyaların qarşısında yeni mərhələ açılır

18 Aprel 2020 07:54 (UTC+04:00)

 

Azərbaycan hakimiyyəti son günlər yaşanan pandemiya dövründə öz vəzifələrinin icrasını dayandırmayıb və cəmiyyətdə gedən siyasi islahatlar ardıcıllıqla öz həllini tapır. Bir neçə aydır ki, idarəetməyə müxalif siyasi partiyaların cəlb edilməsi istiqamətində atılan addımlar artıq əməli fəaliyyət dövrünə qədəm qoyub. Bunun bariz nümunəsi bir neçə siyasi partiyanın de-yure qeydiyyata alınmasıdır.

Xeyli vaxtdır ki, qeydiyyata alınmaq üçün müraciət etmiş Azad demokratlar partiyasının sədri Sülhəddin Əkbər rəhbərlik etdiyi siyasi qurumun bu günlərdə qeydiyyatı alınması barədə mətbuata verdiyi açıqlamada bildiri ki, bundan əvvəl dəfələrlə müraciət etdiklərinə baxmayaraq məsələ həllini tapmayıb: “Ötən ayın ortalarında Prezident Administrasiyasından bizimlə əlaqə saxladılar və hakimiyyətin artıq siyasi partiyalara, müxalifətə münasibətinin dəyişdiyini bildirdilər və partiyanın qeydiyyatı məsələsinə baxılacağını dedilər. Ayın sonuna doğru Ədliyyə Nazirliyinin Baş Qeydiyyat İdarəsindən əlaqə saxladılar və qeydiyyat üçün sənədləri yenidən təqdim etməyimizi istədilər. Biz də sənədləri yenidən təqdim elədik. Ondan sonra vəziyyəti nəzərə alıb onlayn sistemində bizə texniki yardımlar etdilər, yazışmalarımız oldu, notariat işləri ilə bağlı asanlıqlar yaratdılar. Nəhayət aprelin 15-də Nazirliyin Kollegiyasının iclasında məsələyə baxılıb və Azad Demokratlar Partiyası qeydə alınıb”.

Prosesin gedişi göstərir ki, həqiqətən ölkənin siyasi həyatında yeni mərhələ başlayır və hakimiyyət real və bütün cəhətlərdən rasional müxalifətin gündəmi zəbt etməsində maraqlıdır. Çünki cəmiyyətdə birqütblü idarəetmə nə qədər qüdrətli olsa da bütün prosesləri tam əhatə etmək çətindir.

Digər tərəfdən inkişafın fəlsəfi anlamı da dövlətimizin tərəqqisi üçün müxalif fikirlərin vacib olduğunu ehtiva edir. Soruşula bilər ki, bəs, bu addımlar niyə məhz indi atılır? İş burasındadır ki, müstəqilliyin ilk illərindən hədsiz problemlər yaşayan bir ölkədə bütün problemləri birdən həll etmək mümkün olan iş deyil. Hərçəndi, inkişaf etmiş və oturuşmuş ölkələrdə də bu birdən başa gələn proses deyil. Buna görə də səbrlə irəli gedə-gedə cəmiyyətdə siyasi düşüncənin müəyyən inkişaf mərhələsinə çatmasını gözləmək lazım idi. Yəni, müxalif olmaq düşmən olmaq deymək deyil. Amma əfsuslar olsun ki, siyasi mübarizə aparmaq fikrinə düşənlər, əgər bu işə tam hazır deyillərsə, onda özlərinin iradəsi ziddinə dövlətçiliyə əks cəbhəyə xidmət edirlər. İndi Azərbaycan cəmiyyətinin faizlə çox böyük kəsimi kifayət qədər yetkin siyasi mübarizəyə hazırdır. Müxalif siyasi qüvvələrin canlanması sivil mübarizə metodlarının bərqərar olmasına rəvac verəcək. Görünür ki, bu amillər hakimiyyətin müxalifətə əl uzadaraq onların ölkənin idarəetməsinə cəlb edilməsinə şərait yaradıb. Yeri gəlmişkən, qeydiyyata alınan partiyalardan biri də 2007-ci ildə təsis olunmuş Yeni Zaman partiyasıdır.

Təbii ki, siyasi islahatlar çərçivəsində baş verən bu olay ölkənin siyasi palitrasını daha da zənginləşdirəcək. Lakin narahatedici bir məqam da var. Bu amil siyasi partiyaların Azərbaycan miqyaslı ölkə üçün həddən ziyadə çox olmasıdır. 56 partiya?! Bu fakt siyasi fəaliyyətdə xaosa gətirib çıxarmayacaqmı? İndiyə qədər susub küncdə-bucaqda qalan, adı yalnız kağız üzərində olan partiyaların da, yəqin ki, tezliklə səsləri çıxacaq. Lakin bu fakt, zənnimcə, narahatlıq yaratmamalıdır. Çünki indi cəmiyyətdə azad fəaliyyət tamamilə bərqərar olub və daha heç kim hakimiyyətin onlara mane olması barədə saxta maneələr irəli sürə bilməyəcək. Əvəzində isə öz varlığını sübut etmək məcburiyyətində qalacaq. Yəni, təbliğat-təşviqat və digər vacib məsələlərin həlli üçün lazım olan maliyyə və üzvlər sarıdan korluq çəkən təşkilatların tezliklə sıradan çıxacağı da gözləniləndir. Ya özünüləğvetmə prosesi gedəcək, ya da partiyaların birləşməsi sürət götürəcək.

Ola bilər ki, iki proses paralel davam etsin.

Bütün bunlaınr fonunda əsas prinsip rasional fəaliyyət göstərməyi bacaran real müxalifətin formalaşmasıdır. Əgər buna nail olunsa, onda ölkəmizin yeni inkişaf mərhələsi eyni zamanda yeni demokratik dəyərlərin əxz olunması ilə də dəyər qazanacaq.

N.NOVRUZ