Qarabağ məsələsində vəziyyət qarışır

18 Aprel 2020 12:50 (UTC+04:00)

Dünyanı lərzəyə salan koronavirus pandemiyası nəzərdə tutulan çoxsaylı proseslərin, danışıqların belə təxirə salınmasına gətirib çıxarıb. Virus özünü kəskin şəkildə göstərməyə başlayandan bəri Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri də demək olar ki, öz fəaliyyətlərini dondurublar. İşğalçı tərəf isə  yaranmış vəziyyətdən belə sui-istifadə edərək Dağlıq Qarabağda qondarma “seçkilər” keçirir. Maraqlıdır, koronavirus pandemiyasının hələ də tüğyan etməsi Qarabağ münaqişəsinin gedişinə nə vəd edir?

Politoloq Aydın Quliyev bildirdi ki, Ermənistan koronavirus problemindən sui-istifadə edərək danışıqlar prosesini dalana dirəməyə və qondarma rejimin tanıdılmasında bu amildən “yararlanmağa” çalışır: “Təbii ki, koronavirusla mübarizə böyük bir mərhələni əhatə edir. Virusun yayılma xüsusiyyətləri bəlli olmadığına görə, koronavirusla bəşəriyyətin, o cümlədən münaqişə içində olan Azərbaycan və Ermənistanın mübarizəsinin nə qədər davam edəcəyini söyləmək olmaz.   Amma bir sıra faktlar göstərir ki, Ermənistan koronavirusla mübarizə adı altında əslində gedən prosesdən sui-istifadə etməyə çalışır.  Sui-istifadə edərək Dağlıq Qarabağdakı qondarma separatçı rejimin dünyada tanıdılması istiqamətində hay-həşir qoparmaqda davam edir. O cümlədən, işğalçının koronavirusla mübarizə dövründə mövcud bütün təhlükələrə saymazyana yanaşaraq, Dağlıq Qarabağda separatçı rejimin mövqeyini möhkəmləndirmək üçün qanunsuz “seçkilər” keçirməsi də bu qəbildəndir.
Bütün dünyanın pandemiya ilə mübarizə apardığı dövrdə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar belə “seçkilərin” keçirilməsinin kütləvi toplantı formasında üzə çıxması kimi təhlükəli məqamla bağlı olduğu  xəbərdarlığını etmişdi. Amma buna baxmayaraq, İrəvan bu “seçkiləri” keçirdi. Burada da məqsədləri təbii ki, siyasidir. Bu günlərdə həmçinin Ermənistan və qondarma rejim rəhbərliyi BMT baş katibinə müraciət edərək, guya Qarabağda pandemiyanın geniş yayılmasına görə ondan yardım istəyiblər. Bunun özü bir daha sübut edir ki, Ermənistan koronavirusla mübarizə prosesindən sui-istifadə etməyə meyllidir. Bu müstəvidə də qondarma rejimin mövqeyini möhkəmləndirməyə çalışır.  Halbuki cəmi ay yarım əvvəl düşmən tərəf Dağlıq Qarabağda pandemiyanın olmadığı bəyanatını vermişdi. Yaxud pandemiya geniş vüsət alıbsa, qondarma rejimdə “seçki” keçirməyin nə mənası var idi? Açıq şəkildə görünür ki, İrəvan rəhbərliyi koronavirusla mübarizə imkanlarından Qarabağ probleminin həlli prosesini uzatmaqda və separatçı rejimin dünyada tanıdılmasında sui-istifadə etməyə meyllidir. Onlar fürsət düşdükcə, bu addımları atırlar”.   
Həmsöhbətimiz qeyd etdi ki, koronovirusla mübarizənin Qarabağ probleminin həlli istiqamətində gedən danışıqlara müəyyən qədər təbii formada təsiri mümkündürsə, amma daha çox bunun qeyri-təbii fəsadları var: “Bu, o deməkdir ki, İrəvan münaqişənin həlli prosesini uzatmaq üçün virusla mübarizə imkanlarından maksimum dərəcədə sui-istifadə etməyə cəhd göstərir. Əlbəttə, təbiidir ki, virusla mübarizə dövründə diplomatların, iki ölkə rəhbərliyinin üz-üzə ünsiyyətləri, danışıqlar aparmasının arxa plana keçməsi prosesə müəyyən dərəcədə öz təsirini göstərir. Yəqin ki, danışıqların növbəti bərpası videokonfranslar formasında baş tuta bilər.  Amma hər halda təbii olaraq virusla mübarizə prosesi danışıqların gedişinə öz mənfi təsirini göstərib və göstərəcək. Ermənistan isə bu amildən sui-istifadə etməyə çalışır ki, narahatlıq doğuran da bundan ibarətdir”.
Politoloqun fikrincə,  Azərbaycan işğaldakı torpaqları azad etmək üçün hərbi vasitəyə əl atmaqda tamamilə haqlı olsa da, indiki konkret şəraiti nəzərə almalıyıq: “Bu gün bütün dünya əsas hədəf kimi təhlükəli virusla mübarizəyə fokuslanıb. Bütün dövlətlərin diqqəti buna yönəlib. Belə şəraitdə Azərbaycan tam haqlı olsa da, müharibə kimi gərgin prosesə gedilməsi dünya tərəfindən anlayışla qarşılanmayacaq. Baxmayaraq ki, bu məsələdə dünya Azərbaycanın tərəfindədir. İndiki şərait müharibə zamanı deyil. Azərbaycan virtual texnologiyanın verdiyi imkanlar çərçivəsində Ermənistanı danışıqlar masası arxasına qaytarmaq üçün gərəkli addımlar atmalıdır və yəqin ki, atacaq”.
R. SOLTANOV