Koronavirus nefti bahalaşmağa qoymur

18 Aprel 2020 12:28 (UTC+04:00)

OPEC+ alyasının son tarixi razılaşmasından sonra da neftin qiymətində ucuzlaşmalar davam etməkdədir. Halbuki gündəlik hasilatın azaldılması barədə əldə edilən son razılıq fonunda iddialar səslənirdi ki, neftin qiyməti artacaq.
Qeyd edək ki, bir həftə öncə məhz ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə OPEC+ formatı arasında hasilatın gündəlik azaldılması barədə razılıq əldə edildi. Bu da onu göstərir ki, əsas neft istehsalçıları olan, ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya neftin qiymətinin kəskin ucuzlaşmasında maraqlı deyillər. Lakin razılaşmaya rəğmən, neftin qiyməti  bahalaşmaq əvəzinə, enməkdə davam edir.
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, gündəlik hasilatın azaldılması barədə razılığa rəğmən, neftin qiymətində ucuzlaşmanın davam etməsi koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu mənfi tendensiyalar, ziyanlarla bağlıdır: “OPEC+ alyansı neftin gündəlik hasilatının azaldılması barədə qərar qəbul edən zaman “qara qızıl”ın dünya bazarında qiymətinin artmayacağı proqnozlaşdırılırdı. Baxmayaraq ki, qurum əslində, ən böyük azalmaya  getdi, gündəli hasilatın 9,7 milyon barrel azaldılması qərarına gəldi. Amma nəzərə alaq ki, koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan kifayət qədər böyükdür. Dünya iqtisadiyyatı onun nəticəsində 2 trilyon dollaradək azalıb. Bu isə neftə olan tələbi kəskin azaldıb.
Dünya bazarında neftə olan tələblə təklif arasında OPEC+ razılaşmasına qədər  təxminən gündəlik 20 milyon barrel fərq yaranmışdı. Tələbin kəskin azalması fonunda qurum hasilatın azalmasına getsə də belə, yenə də bazarda neft artıqlığı var. Hələ də bazara çıxarılan neftin həcmi çoxdur.  Aviakompaniyalar və iri  şirkətlərin mayın 1-dən başlayaraq fəaliyyətlərini davam etdirəcəyi gözlənilsə də, əksər aviakompaniyalar bunu mayın sonunadək təxirə saldı. Bu isə o deməkdir ki, aprel və may aylarında da neftə tələbat yüksək olmayacaq.  
OPEC+ son qərarı ilə sadəcə qiymətdə kəskin azalmaların qarşısını alıb. Çünki indiki mərhələdə qurum belə qərar verməsəydi neftin qiyməti hətta 10 dollaradək  eniş edə bilərdi. Yəni qurumun məqsədi qiyməti artırmaq deyil, kəskin ucuzlaşmanın qarşısını almaq olub. OPEC  özü də böyük həcmdə azalmalara getməkdə maraqlı deyil. Ona görə ki, böyük həcmdə azalmalar qurumun bazardakı payının kəskin azalması ilə müşayiət oluna bilər. O baxımdan da OPEC sadəcə, kəskin qiymət azalmasının qarşısını almağa çalışır. Amma onu da nəzərə alaq ki, yenə də bazarda neft bolluğu var. Bu da nəticə etibarı ilə qiymətə təsir göstərir. Bu səbəbdən hələlik koronavirusun aktiv olduğu dövrdə neftin dünya bazarındakı qiymətində artımlar proqnozlaşdırılmır. Koronavirusun aktiv olduğu dövrdə qiymətlətin aşağı səviyyədə qalmasını müşahidə edəcəyik.  Hələlik OPEC+ qiymət artımına deyil, onun kəskin azalmasına təsir göstərmək, qarşısını almağa çalışır”.
İqtisadçı alim Əli Əlirzayev bildirdi ki, istehsalın dayanması, tələbin azalması fonunda hasilatın endirilməsi müsbət rol oynaya bilmir: “OPEC+ hasilatı azaltmaqla bağlı razılığına baxmayaraq, hazırda neft və neft məhsullarını dünya bazarında alanlar demək olar ki, yoxdur. İndi tələb yoxdur. Pandemiyanın dünyanı lərzəyə saldığı bir dövrdə istehsal da yoxdur, ümumən dayanıb. Tələb olmadığından hasilatın azalması barədə razılığa baxmayaraq qiymətlər aşağı düşəcək. Sadəcə, hasilatı ona görə azaldıblar ki, bazarda  olan neftin həcmi tədricən azalsın. Həcm azalanda, habelə istehsalat yenidən canlandıqda, tələb artdıqda, neftin qiyməti də bahalaşmağa başlayacaq. Bu, təbii prosesdir.  İstehsalı yenidən bərpa etmək üçün müəyyən dövr lazımdır. Ona görə indilikdə bahalaşma olmayacaq. İstehlakçı və tələb yaranana qədər bu proses davam edəcək. Belədə, belə tezliklə neftin qiymət artımının baş verəcəyinə inanmıram”.
Rüfət NADİROĞLU