Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi kompleks şəkildə həyata keçirilir

18 Aprel 2020 08:00 (UTC+04:00)

Bütün dünya COVID-19 adlı görünməyən “düşmənlə” ölüm-qalım mübarizəsi aparır. Artıq pandemiyaya yoluxanların sayı 2 milyona, ölənlərin sayı isə yüz otuz mini ötüb. Ən inkişaf etmiş dövlətlər belə pandemiya qarşısında aciz qalıblar. Təbii ki, ölkəmiz də bu bəlanın doğurduğu fəsadlardan əziyyət çəkir. Amma qeyd etmək lazımdır ki, dövlətimiz ilk gündən koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli, önləyici tədbirlər gördü və görməkdə davam edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.

Deputat diqqətə çatdırıb ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində hərtərəfli tədbirlər görülür, bütün lazımi addımlar atılır. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah yarandığı gündən etibarən məqsədyönlü işlər görür, vətəndaşları məlumatlandırır. Qərargahın indiyədək gördüyü işləri sadalamaq istəmirəm. Bunlar hamıya məlumdur, sadəcə, onu qeyd etmək istəyirəm ki, dövlət vətəndaşlarının sağlamlığının qorunması, onun sosial və iqtisadi fəsadlarının minimuma endirilməsi üçün əlindən gələni edir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məqsədyönlü və operativ fəaliyyətə görə Azərbaycana və onun rəhbəri Prezident İlham Əliyevə təşəkkür etdi. Baş direktor ölkəmizin bu sahədə təcrübəsini dünya dövlətlərinə nümunə olaraq göstərdi”, - deyə T.Cəfərova vurğulayıb.

Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu il martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Bu Sərəncam əslində qlobal pandemiyaya qarşı mübarizənin bütün hüquqi və normativ çərçivəsini formalaşdırmış oldu. Sözügedən Sərəncamda nəzərdə tutulmuş tapşırıqların icrası çərçivəsində 4 əsas istiqamət üzrə işçi qruplar formalaşdırıldı və pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sektorlarının, sahibkarlıq subyektlərinin və sadə vətəndaşların mənfi təsirlərdən qorunması üzrə müvafiq mexanizmlərin formalaşdırılmasına başlanıldı. Aprelin 4-də isə Nazirlər Kabineti həmin Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq etdi. Qısa zaman ərzində müvafiq istiqamətlər üzrə işlər görüldü, aidiyyəti sahələr üzrə hesablama və araşdırılmalar aparılmaqla dəstək proqramının icrasına başlanıldı.

Deputat pandemiya dövründə bir neçə qurumun iş yükünün dəfələrlə artdığını vurğulayaraq onların əməyini yüksək qiymətləndirərək deyib: “Bu qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirik və onun bütün yerli qurumları qeyri-iş günlərində və xüsusi karantin dövründə gücləndirilmiş iş rejimində çalışırlar. Bu dövlət qurumu indiki dönəmdə əlavə olaraq 65 yaşdan yuxarı olan şəxslərə sosial xidmətlər göstərir, könüllülərin fəaliyyətini koordinasiya edir, vətəndaşların çoxsaylı müraciətinə baxır. Nazirlik bütün müraciətləri növbəlik və şəffaflıq prinsipi ilə cavablandırır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan İşçi qrup isə qısa zaman kəsiyində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq təkliflərlə çıxış etdi. Bildirib ki, həmin təkliflər əsasında artıq müvafiq tədbirlər görülür. Azərbaycan hökuməti məhz bu məqamda qeyri-leqal məşğulluq sahəsində çalışan şəxsləri pandemiya dövründə qazancını itirmiş şəxslər kimi qeydiyyata alıb, aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi haqqında qərar qəbul etdi. Nazirlik tərəfindən məlumatların yoxlanılması və ödənişlərin edilməsi ilə bağlı ciddi və sürətli mexanizmlər qurulub. Nəticələr haqqında vətəndaşlara SMS məlumatlar verilir. Aprelin 9-dan başlayan bu proses çərçivəsində artıq 75 min işsiz üçün birdəfəlik vəsait ödənişi həyata keçirilib. Azərbaycan dövləti koronavirus (COVID-19) pandemiyası dövründə ölkə əhalisinin sosial müdafiəsini təşkil etmək üçün sosial siyasəti kompleks halında həyata keçirir. Çünki dövlət canlı bir orqanizmdir. Bu baxımdan sözügedən nazirlik tərəfindən növbəti addım ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bağlı oldu. Məhz pandemiya vəziyyəti nəzərə alınaraq ünvanlı dövlət sosial yardımı almaq müddəti bitən aztəminatlı ailələrə bu yardım dayandırılmadı. Həmin aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadıldı”.

Dövlətin hər zaman vətəndaşlarının qayğısına qaldığını və aidiyyəti qurumların dövlət başçısının tapşırığı üzrə öz işlərinin öhdəsindən gəldiyini qeyd edən Tamam Cəfərova bildirib ki, işini itirmiş vətəndaşların qeydiyyata alınması və dövlət tərəfindən ayrılmış 190 manatlıq birdəfəlik ödəmənin vətəndaşlara təyin edilməsi müəyyən vaxt aparsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun öhdəsindən qısa zamanda gələ bilib. Bu günə qədər on minlərlə əhalinin hesabına birdəfəlik ödəmələr təyin edilib və bu proses davam edir.

Sosial şəbəkələrdə nazirliyə qarşı aparılan qarayaxma kampaniyasına da toxunan deputat qeyd edib ki, əsassız və həqiqətə uyğun olmayan ittihamların sosial şəbəkələrdə yer alması təəssüf hissi doğurur: “Pandemiya dövründə gərgin rejimdə çalışan dövlət qurumlarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri və tabeliyindəki sosial xidmət müəssisələridir. Bu cür əsassız məlumatların yayılması xüsusi karantin rejiminin tətbiq edildiyi bir dönəmdə yüz minlərlə əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə dövlətimizin vətəndaş yönümlü qərarının icrası ilə yüksək səviyyədə məşğul olan həmin qurumun əməkdaşlarına haqsızlıqdır. Həmin əməkdaşlar artıq bir aya yaxındır ki, gərgin rejimdə çalışır, yaşlılara diqqət və qayğı göstərirlər. Bir neçə gün əvvəl Prezident İlham Əliyev müvafiq Sərəncamla 2 min nəfər əməkdaşın gərgin əməyini yüksək qiymətləndirərək aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən etdi. Bu, Azərbaycan Prezidentinin sosial müdafiə işçilərinin əməyinə verdiyi ən böyük qiymətlərdən biridir. Dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşının qayğısına qalır, göstərilən bütün fədakarlıqları yüksək qiymətləndirir. Hər bir vətəndaşın da borcu dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməkdir.

“Vətəndaşlarımızı maksimum məsuliyyətli olmağa, şayiələrə uymamağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək olmağa çağırıram. Biz birlikdə güclüyük!”, - deyə Tamam Cəfərova vurğulayıb.