Azərbaycan neftçiləri qanvermə aksiyasına qoşuldular

20 Aprel 2020 11:39 (UTC+04:00)

Ölkənin ictimai həyatında daim fəallıq göstərmiş Azərbaycan neftçiləri bu gün də koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdə yaxından iştirak edir, birlik və həmrəylik nümayiş etdirirlər.

Mövqe.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdəki irsi qan xəstələrinin, o cümlədən qan ehtiyacı olan insanların probleminin həlli üçün qanvermə kampaniyası keçirilməsi haqqında təşəbbüsünə qoşulan Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 100 nəfərə yaxın donor neftçi aprelin 20-də qan verib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə şirkətin “Neftqaztikinti” Trestində keçirilmiş aksiyanın davam etdirilməsi nəzərdə tutulur. Növbəti günlərdə bu nəcib aksiyaya SOCAR-ın digər bölmələrinin əməkçiləri də qoşulacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondu 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. SOCAR 2009-cu ildən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu xeyirxah təşəbbüsünə dəstək verir. 2015-2019-cu illərdə şirkətin bütün idarələrinin iştirak etdiyi aksiyalarda 11 min nəfərdən artıq neftçi donorluq edib. Ötən ilin noyabrından başlamış növbəti qanvermə aksiyasına isə bu günədək 1000-dən çox neftçi həmkarımız qoşulub.