LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

21 Aprel 2020 08:15 (UTC+04:00)

Dinamik inkişaf tempi ilə dünyanın aparıcı ölkələri sırasında özünün layiqli yerini təmin etmiş Azərbaycanın ötən illərdə formalaşmış dayanıqlı milli inkişaf modeli qlobal təhdidlərə adekvat reaksiya verir. Bunun nəticəsidir ki, respublikamız iqtisadi müvazinətini əzmlə qoruyub saxlayır, hökumətin sosial öhdəlikləri layiqincə yerinə yetirilir, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklər Qlobal pandemiya dövründə ciddi sosial paketin reallaşdırılması inkişafın Azərbaycan modelinin uğurlarını bir daha təsdiqləyir.

Son illərin makroiqtisadi göstəriciləri deməyə əsas verir ki, Azərbaycan qlobal böhran meyillərini əzmlə dəf edir. Son illərdə milli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində islahatları davam etdirən Azərbaycan hökuməti ölkəmizin investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18321,1 milyon manat təşkil edib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalıb.

ÜDM istehsalının 40,2 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 19,7 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 1840,2 manata bərabər olub.

Ötən ilin sonlarında açıqlanmış «Doing Business 2020» hesabatında da respublikamız əksər indekslər üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan «Biznesə başlama», «Tikintiyə icazələrin alınması», «Elektrik təchizatına qoşulma», «Mülkiyyətin qeydiyyatı», «Kreditlərin alınması», «İnvestorların hüquqlarının müdafiəsi», «Vergilərin ödənişi», «Beynəlxalq ticarət», «Müqavilələrin icrasının təmin edilməsi», «Müflisləşmə» indeksi üzrə qərarlaşıb. Bütövlükdə «Doing Business-2019» hesabatında 10 indikatordan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb.

«Biznesə başlama» sahibkarın (sənaye və kommersiya) biznesə başlaması üçün tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmini ifadə edir. Bu reytinq göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) 2 günə bərabərdir.

«Biznesə başlama» göstəricisi xarici investisiya və yeni texnologiyaların axını üçün stimullaşdırıcı təsir göstərən amil kimi dəyərləndirilir. Bu göstərici Azərbaycan üçün əlverişli sərmayə mühitinin olmasının bir təkanverici faktoru sayıla bilər. Xarici sərmayəçilər biznesin qeydiyyatında və fəaliyyətə başlamada vaxt amilinə mühüm önəm verirlər.

Ümumilikdə, son illərdə qeyri-neft sektorunun ÜDM-dəki çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atılıb. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar da cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

Qeyri-münbit iqtisadi vəziyyət fonunda hesabat dövründə ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurludur. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 10 dəfədən çox artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 50 faizi ötüb. Bundan əlavə, qısa müddətdə Azərbaycanın valyuta ehtiyatlarının 5 milyard dollar həcmində artaraq 51 milyard dollar səviyyəsinə yüksəlməsi, ixracın idxalı üstələməsi makroiqtisadi sabitliyin və manatın məzənnəsinin qorunub saxlanılması baxımından uğurlu göstəricilərdir.

Dövlətimizin başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı bu sahədə ötən illərdən başlanmış islahatların mütərəqqi davamını təmin edəcək mühüm sənəd kimi dəyərləndirilir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına geniş imkanlar açıb. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.

Xarici ticarətdə müsbət saldonun təmin edilməsi, şübhəsiz, ixrac sahibkarlığının dəstəklənməsi tədbirləri də ilə sıx şəkildə bağlıdır. Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı da sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş, bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini ön plana çəkmişdir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.

Şübhəsiz, ixracın idxalı üstələməsi son bir neçə ildə həyata keçrilən qaninverici və institusional islahatların uğurlu nəticəsidir. Ümumilikdə, ölkə başçısının 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında", 20 aprel

2016-cı il tarixli "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında", 19 may 2016-cı il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" və "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları», 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında" sərəncamı sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.

Strateji Yol Xəritəsində də göstərildiyi kimi, son illərdə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması; dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması həyata keçirilib.

Azərbaycanın son illərdəki dinamik inkişafının real göstəricilərindən biri də mərkəzin dotasiyalarından asılı olan rayonların sayının ilbəil azalmasıdır. 2020-ci ildə Azərbaycanın 65 rayon və şəhərindən 35-nə mərkəzi büdcədən vəsait ayrılmır. Bu isə regionların iqtisadi və sənaye potensialının son illər əhəmiyyətli dərəcədə möhkəmlənməsindən xəbər verir.

S.Elmanoğlu