Dünya azərbaycanlılarının qibləgahı

21 Aprel 2020 08:38 (UTC+04:00)

 

Deyirlər ki, "elnən gələn dərd-bala toy-bayramdır". Şaq-şaqraq səslənən bu zərb-məsəl "dərd-bəla"nın ciddiliyini azaltmır, amma onun qarşılanıb aradan qaldırılmasında göstərilən dəstəyin əhəmiyyətini ehtiva edir. Hazırda dünyada pandemiyanın zirvəsinin yaşandığı bir vaxtda bu cür dəstəyə ehtiyac böyükdür və heç də hər bir ölkədə belə bir dəstək yoxdur. Biz - Azərbaycan vətəndaşları üçün pandemiya əleyhinə mübarizə qarşılıqlı dəstəklə yanaşı dövlətin vətəndaşına qayğısı, xalq-iqtidar birliyinin təcəssümü mənasını daşıyır. Prezident İlham Əliyevin birbaşa təmasları ilə təkcə respublikanın özündə deyil, xarici səfərlərdə olan və başqa ölkələrdə yaşayan azərbaycanlılar da dövlətin qayğısı ilə əhatə olunub və onlara sağlamlıqlarını qorumaq üçün hər cür yardım edilib və edilir.

Virusun yayılmağa başladığı ilk dövrlərdə xaricdə təhsil alan tələbələrin taleyi yada düşdü. Koronavirusun yayıldığı ocaqda, Çinin Uhan şəhərində təhsil azlan vətəndaşlarımızın təxliyəsi məsələsi ortaya çıxdı. Dərhal dövlət strukturları hərəkətə gəldi. Həmin vaxt Uhanın bir otelində karantinə alınan Aqil Əliyev və digərlərinin karantindən sonra Azərbaycana qayıtmaları təmin edilib və dərhal burada müayinə üçün 14 günlük karantin rejiminə alınıb.  

Azərbaycanın Xarici İşlər Nazirliyi əvvəlcə Uhan şəhərindəki 7 azərbaycanlı tələbə ilə bağlı Çin hökumətiylə danışıqlar aparıb, vətəndaşlarımızın ölkəyə qayıtmalarına dəstək göstərib.  Daha sonra isə Böyük Britaniya, İspaniya, İtaliya, Çin, Fransa, Norveçdə yaşayan azərbaycanlılar koronavirusa görə vətənə qayıtmaq istəklərini bildiriblər. Taylandda çıxış edən azərbaycanlı futbolçular Röyal Nəcəfov, Mahsun Qənbərli, Kamil Hüseynov və Məmməd Quliyev koronavirus təhlükəsinə görə ölkəmizə qayıtmağa hazırlaşıblar. Məsələ burasındadır ki, virus sürətlə yayıldığından əksər təyyarə reysləri ləğv edilib. Buna görə də bilet tapmaq, marşrutları müəyyənləşdirmək müşkülə düşüb. Lakin Azərbaycan hökuməti bu məsələni yoluna qoymaq üçün müvafiq strukturlara ayrıca tapşırıqlar verib, problem qısa müddətdə həll olunub. Əl çatmayan məqamlarda isə AZAL beynəlxalq aviaşirkətini çarter reysləri təşkil edib və xaricdəki soydaşlarımızı vətənə daşıyıb. Maraq doğuran, təsiredici bir fakt da ondan ibarətdir ki, xaricdə daimi yaşayan azərbaycanlılar koronavirusa görə evə qayıda bilməyən həmvətənlərini qonaq etməyə hazır olduqlarını ilk günlərdən bildiriblər. Bu, milli şüur yetkinliyi, milli birliyin xalqımızın həyatında tutduğu yeri göstərir. 

Virusun yayılmasının qarşısını almaq üçün Azərbaycanın İran, Türkiyə və Gürcüstanla sərhədləri bağlanıb, bir çox ölkələrdən təyyarə reysləri dayandırılıb. İndiyədək yüzlərlə Azərbaycan vətəndaşı dövlətin yardımı ilə evə qayıdıb.

Amma nə qədər Azərbaycan vətəndaşının bu səbəbdən xaricdə qaldığı dəqiq məlum deyil. Buna görə də sosial şəbəkələrdə həmvətənlərimizin yaydıqları elanlar qürur doğumaya bilmir: "Berlindən evə qayıda bilməyən və yaşamağa yeri olmayan varsa, təmənnasız öz evimdə yerləşdirə bilərəm". Avropanın, həmçinin də Türkiyə və Qazaxıstanın müxtəlif şəhərlərindən bu tip təkliflər yayılır.

Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah ilk gündən bildirib ki, Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında xaricdə müvəqqəti və ya qısa müddətli əsasda olanlara, xarici ölkə ərazisindən tranzit məqsədləri üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük verilir. Daha sonra isə, bu "həssas kateqoriyaya" düşməyən vətəndaşların təxliyə olunmasına başlanılıb. İstanbuldan Azərbaycana təxliyə edilən Aytən Məmmədova deyir ki, müşayiət etdiyi şəxsin sağlamlıq vəziyyəti yaxşı olmadığı üçün onları "həssas kateqoriyaya" əlavə edərək daha tez yola salıblar. Bu zaman onlardan yalnız "xəstəliyi sübut edən sənəd" istənilib. Həssas kateqoriyaya düşməyən vətəndaşları gözləmə müddətində Azərbaycanın Türkiyədəki nümayəndəlikləri tərəfindən otel və qida ilə təmin olunublar.

Azərbaycan hökuməti ölkəyə qayıtmaq üçün müraciət edən vətəndaşları çarter reysləri vasitəsilə pulsuz təxliyyə edib.

Bütün bu səbəblər vətəndaşlarımızın vətənə qayıtmalarını stimullaşdıran amillərdir. Baxmayaraq ki, onların arasında xaricdə yaşamağı qərarlaşdıranlar da var. Çünki bu çətin sınaq dövründə Azərbaycan dövlətinin öz vətəndaşına göstərdiyi təmənnasız qayğı sağlam düşüncəni aktuallaşdırıb və insanlar xoşbəxtliyi harada axtarmaq barədə daha aydın təsəvvürlər əldə ediblər.

N.NOVRUZ